Nazirlər Bakıda Xocalını müzakirə etdi

Nazirlər Bakıda Xocalını müzakirə etdi
  29 Aprel 2015    Oxunub:1478
Bosniya və Herseqovinanın xarici işlər naziri Xocalı soyqırımından danışıb.
III Qlobal Bakı Forumu çərçivəsində “Barış-Kompromisin əldə olunması” mövzusunda panel iclası keçirilib. Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın moderatorluğu ilə keçən iclasda münaqişə tərəfləri arasında sülhün əldə olunması, ekstremizmdən yayınmağın yolları müzakirə edilib.

İclasın əsas məruzəçisi, Əfqanıstanın eks-prezidenti Həmid Kərzai belə bir önəmli Forumda iştirak etməkdən məmnun olduğunu deyib və dəvət üçün təşəkkür edib.

Dünyada baş verən münaqişələrin qeyri-leqal iqtisadiyyatın “inkişafı”na səbəb olduğunu deyən sabiq Prezidenti Həmid Kərzayi bildirib ki, münaqişələrə, qeyri-sabitliyin və təhlükəsizliyin pozulmasına həm daxili, həm də kənar amillər təsir edir. Onun sözlərinə görə, daxili amillər müxtəlif olsa da, kənar amillər - xarici dövlətlərin maraqları və s. - əksər hallarda eyni olur. Prezident qeyd edib ki, münaqişələrə kənar amillər təsir göstərəndə barışa nail olmaq kifayət qədər çətin olur. Əfqanıstan təcrübəsinə toxunan H.Kərzayi bildirib ki, regional qruplaşmalar, maraqlar və beynəlxalq güclərin oyunları münaqişələrə təsir göstərir: "Əksər hallarda münaqişələrin sonu barışla nəticələnsə də, elə münaqişələr var ki, onların həlli xeyli vaxt tələb edir".

Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri, sabiq hökumət başçısı Zlatko Lagumdzija isə barışın bir model olmadığını, onun insanlığı qoruyan tavan və fundamental bir məsələ olduğunu qeyd edib. Z.Lagumdzija hesab edir ki, barış üçün vacib amil hazırda ehtiyac duyulan ədalətin, ədalətli iqtisadi əlaqələrin qurulmasıdır. Öz çıxışında Xocalı faciəsi xatırladan sabiq hökumət başçısı bu məsələdə ədalətin hələ də təmin olunmadığını təəssüflə vurğulayıb.

Panel iclasında çıxış edən Livanın sabiq prezidenti Amine Gemayel isə barış üçün əvvəlcə bağışlamağı bacarmaq lazım olduğunu deyib. A.Gemayel cəmiyyətlərdə intiqam almaq kimi hisslərin sülhə mane olan əsas səbəblərdən biri kimi dəyərləndirib. Sabiq prezident deyib ki, bəzən də dinlərarası münasibətlər və etnik təsirlər sülhün əldə olunmasına maneə yaradır: “Bu gün kənar təsirlərə məruz qalan münaqişələr də mövcuddur. Bir sıra münaqişə ocaqlarına baxdıqda bunu aydın şəkildə görə bilərik. Müxtəlif bəhanələrlə digər ölkələrdə baş verən münaqişələrə müdaxilələr olunur”.

Xorvatiyanın sabiq prezidenti İvo Josipovic çıxışında bildirib ki, barış cəmiyyətin sülh və firavan yaşaması üçün əsas şərtdir: “Yalnız dövlətlər deyil, cəmiyyətlər də barışığa hazır olmalıdır. Yəni siyasi iradə ilə yanaşı, insanlarda gələcəkdə hüquqlarının qorunacağına və təmin olunacağına inam yaradılmalıdır. Barışıqdan sonra da mütəmadi danışıqlar, əməkdaşlıqlar çox önəmlidir”. İ.Josipovic bu gün Serbiya və Xorvatiya arasında qarşılıqlı əməkdaşlığa əsaslanan müxtəlif sahələrdə münasibətlərin qurulduğunu deyib. O, bəzi siyasi güclərin münaqişələrin həllində maraqlı olmadığını, əksinə problemin həllinə maneə yaratdıqlarını vurğulayıb. Bu səbəbdən sabiq dövlət başçısı hesab edir ki, ilk növbədə cəmiyyətin sülhə, onun verəcəyi müsbət nəticələrə inanması vacibdir.

İrlandiyanın keçmiş Baş naziri Bertie Ahern isə hesab edir ki, münaqişələrdə barışığa nail olmaq üçün əvvəlcə onun kökünü, yaranma səbəbini öyrənmək vacibdir. Münaqişələr və onların həlli yollarının da fərqli olduğunu bildirən sabiq Baş nazir qeyd edib ki, problemlərin həllində ümumi bir vasitə və yol yoxdur. Onun sözlərinə görə, münaqişələrin həllinə və uzunmüddətli razılığa nail olmaq üçün tərəflərin bütün fikirləri nəzərə alınmalı və qarşılıqlı kompromisə nail olunmalıdır.

Panel müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edib. O, müasir münaqişələrin həlli, onların arasındakı ziddiyyətlər, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müasir münaqişələrin həlli, mövcud ziddiyyətlərlə bağlı fikirlərini bölüşüb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ətraflı məlumat verib.

Əli Həsənov bildirib ki,1990-cı illərin əvvəllərində tarixin gedişi nəticəsində SSRİ-i süquta uğradı və müasir dünya nizamı formalaşmağa başladı. Sosialist düşərgəsində cəmləşmiş xalqlar SSRİ-nin dağılması nəticəsində müstəqillik əldə etdilər. Bundan sonra həmin xalqlar və dövlətlər bir-birlərinə qarşısı müxtəlif iddialar ortaya qoydular. Bu iddiaların təməlində bir tərəfdən yenicə müstəqillik qazanmış xalqların düşüncəsində tarixən yaşanmış arzu və istəklər dayanırdısa, digər tərəfdən, SSRİ-nin varisi olmuş bəzi regional güclərin bilərəkdən bu münaqişə ocaqlarını alovlandırmaq siyasəti dayanırdı. Sovetlər İttifaqı dağıldıqdan sonra belə münaqişə ocaqları Dağlıq Qarabağda Ermənistan və Azərbaycan, Abxaziyada, Cənubi Osetiyada Gürcüstan və muxtar qurumlar, Moldova ilə Dnestryanı ərazilər arasında, habelə Ukrayna və Rusiyada yarandı.

1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmasına dair dörd qətnamə qəbul etdiyini xatırladan Əli Həsənov qarşı tərəfin indiyədək bu qətnamələrin heç birinə məhəl qoymadığını və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini diqqətə çatdırıb. Prezidentin köməkçisi təəssüflə qeyd edib ki, BMT-nin öz qərarlarının icrası ilə bağlı prinsipial addım atmaması, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə cəhd göstərməməsi sonralar digər münaqişə ocaqlarının alovlanmasına və separatçılıq meyllərinin genişlənməsinə rəvac verib.

“Siz burada olduğunuz günlərdə şəxsən şahid olacaqsınız ki, Azərbaycan sözün həqiqi mənasında müasir dünyada etnik tolerantlığın, dinlər və millətlərarası birgə yaşayış normalarının ən gözəl nümunələrini ortaya qoyub. Bu gün Azərbaycan sivilizasiyaların kəsişdiyi, İslamla xristianlığın sərhədlərinin birləşdiyi bir məkan olaraq, hər iki sivilizasiyaya geniş meydan verib. Azərbaycanda bu sahədə həyata keçirilən siyasət bütün dünyada təqdir olunur”,- deyə Prezidentin köməkçisi əlavə edib. Diqqətə çatdırıb ki, Azərbaycandan tam fərqli olaraq, Ermənistanda milli və dini dözümsüzlük hökm sürür. Son 20 il ərzində oradan 250 minə qədər azərbaycanlı və digər xalqların nümayəndələri qovulub. Bütün bunların diqqətdən kənarda qalması nəticə etibarı ilə arzuolunmaz president yaradıb.

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.


Teqlər:  





Xəbər lenti