Mətbuat Avropa Oyunlarında necə işləyəcək? - SORĞU

Mətbuat Avropa Oyunlarında necə işləyəcək? - SORĞU
  29 Aprel 2015    Oxunub:2331
Azərbaycanda keçiriləcək I Avropa Oyunları dünya mətbuatının diqqət mərkəzindədir. 50-dən çox ölkənin televiziya və yazılı mətbuatı Bakıdakı yarışları işıqlandıracaq.

Bəs, yerli mətbuat Avropa Oyunlarında necə işləyəcək?

AzVision.az bu sualla baş redaktorlara müraciət edib.

Report.az saytının baş redaktoru Murad Əliyev hesab edir ki, I Avropa Oyunları müasir Azərbaycanın tarixində ən irimiqyaslı idman tədbiridir. Odur ki, bu ölkə mətbuatı üçün də müəyyən mənada bir sınaq olacaq. Yəni, hansısa dünya və ya Avropa çempionatından fərqli olaraq yarışlar bir idman zalında deyil, bir çox arenada təşkil olunacaq: “Oxucuları Avropa Oyunlarını izləyərkən yarışlardan ən maraqlı məqamlar maraqlıdır. Aydın məsələdir ki, hər bir idman növü üzrə yarışı əvvəldən axıra qədər izləyə biləcək jurnalisti idman arenalarına təhkim etmək mümkün deyil. Bu səbəbdən KİV işini elə təşkil etməlidir ki, məhz həmin məqamları oxucusuna operativ ötürə bilsin”.

Baş redaktor qeyd edib ki, rəhbərlik etdiyi agentlik Avropa Oyunları ərəfəsində işinin böyük hissəsini məhz bu mötəbər yarışa yönəldəcək: “Saytda xüsusi “Bakı 2015” bölməsi yaradılıb. Bizim idman redaksiyamızdan başqa digər redaksiyaların da doqquş əməkdaşı oyunlarda rəsmi qeydiyyatdan keçib. Bu o deməkdir ki, oyunlar başlayandan bitənə kimi ən maraqlı anları həm Azərbaycan, həm saytın rus və ingilis dili versiyaları vasitəsilə digər ölkələrin oxucularına təqdim etmək qarşıya məqsəd qoyulub”.

Qafqazinfo saytının baş redaktoru Elburus Ərudun fikrincə, mötəbər yarış ərəfəsində Azərbaycanda mətbuat fövqaladə hallar baş verən kimi gücləndirilmiş iş rejimində işləməlidir.

“Düşünürəm ki, bizim necə işləməyimizdən asılı olmayaraq, burada tək Azərbaycan mətbuatı yox, həm də dünya mətbuatı burada təmsil olunacaq. Canlı yayımlar, reportajlar, materiallar, fotosessiyalar, tənqidlər, təhlilləri, bir sözlə hər cür verilişlər olacaq. Hesab edirəm ki, bunların böyük hissəsi pozitiv xarakterli olacaq. Həm yarışın özü müsbət yöndə hazırlanıb. Məsələn, dünən məşəlin alovlandırılması nə qədər pozitiv informasiya, fotosessiyalarla, maraqlı xəbərlərlə gündəmə gəldi. Görün oyunların özü nə boyda hadisə yaradacaq”.

İndiyənə kimi dünyanın heç bir yerində bu tip keçirilən tədbirlərdə neqativ materiallar hazırlanmadığını deyən baş redaktorun sözlərinə görə, Avropa Oyunlarında ancaq müsbət informasiyalar tirajlanmalıdır.

“Biz istəsək də istəməsək də buna hazırlaşırıq. Məsələn, mən özüm oyunların bağlanış mərasiminə 3 bilet almışam. Ailəmlə birlikdə Oyunları izləyəcəyik. Həm fərd olaraq, həm də media olaraq üzərimizə məsuliyyət düşür. Sürprizlərlə dolu bir ay gözləyirik ki, necə keçəcək. Digər tərəfdən mediayıq. Media olaraq səhər işə gəlib axşama kimi, hətta səhərə kimi işləyəcəyik”.

E.Ərud rəhbəri olduğu saytın may-iyun ayında 24 saatlıq iş rejiminə keçəcəyini deyib.

APA Holdinq I Avropa Oyunları ilə bağlı şirkət daxilində koordinasiya mərkəzi yaradıb.

Holdinqin rəhbəri Vüsalə Mahirqızı deyir ki, mərkəzdə əsas iş `Apasport` Agentliyinin üzərinə düşür. Onun sözlərinə görə, şirkət daxilində mərkəzi `Apasport` Agentliyi olmaqla hər qurumdan bir nəfərin daxil olduğu koordinasiya mərkəzi yaradılıb: “APA Holdinq bu günə qədər artıq Bakı Olimpiya Stadionu da daxil olmaqla oyunların keçiriləcəyi bütün arenalardan reportajlar və süjetlər hazırlayıb. Oyunlarda təmsil olunacaq komandalarımızın baş məşqçiləri, tanınmış idmançıları ilə müsahibələr, televiziya verilişləri edib. Milli komandalarımızın təlim-məşq toplanışlarından silsilə reportajlar və süjetlər təqdim olunub. Hazırda əsas işlərdən biri Olimpiya oyunun məşəli ilə bağlı bölgələrdə keçiriləcək mərasimlərin işıqlandırılmasıdır”.

Holdinq rəhbəri onu da qeyd edib ki, şirkətin 26 əməkdaşı yarışları işıqlandırmaq üçün akkreditasiyadan keçib. Eyni zamanda APA TV oyunların internet üzərindən online yayılması ilə bağlı işlər aparır. Gələn həftədən APA TV-də “Avropa Oyunları” adlı veriliş də yayıma başlayacaq: “Fikrimcə, bütünlükdə APA Holdinqin, xüsusilə də Apasport Agentliyinin üzərinə bu oyunların işıqlandırılmasında mühüm vəzifə düşür. Çünki Apasport ölkəmizin çox az media qurumlarındandır ki, orada idmanın bütün növləri üzrə məlumatlı olan mütəxəssislər var. Biz bu məsuliyyəti dərk edirik və bacardığımız qədər peşəkarlıq nümayiş etdirməyə çalışacağıq”.

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, özünü əsl Azərbaycan mediası sayan kütləvi informasiya vasitələri artıq indidən başlayaraq, olimpiada başa çatana qədər çox məsuliyyətlə və diqqətlə işləməlidirlər. Çünki Bakıya və tarixi hadisə olan İlk Avropa Oyunlarına qara yaxmağa çalışan qüvvələr çoxdur. Və onlar bütün informasiya vasitələrini Azərbaycanın gördüyü işləri gözdən salmaq üçün səfərbər ediblər.

Baş redaktorun sözlərinə görə, Avropa Oyunları təkcə Azərbaycan yox, Avropanın özü üçün də tarixi hadisədir. Ona görə də, gərək Azərbaycan mediası ölkəmizin gördüyü işlərin informasiya məkanında düzgün, adekvat əks olunması üçün əlindən gələni etsin: “Yoxsa, haradasa bir it ölüb deyə, iki ildir ki gecə-gündüz çalışan insanların zəhmətinə kölgə salınmasın, bu, vicdansızlıq olardı. Bu müddətdə Bakı dünyaya ancaq İlk Avropa Oyunlarının şəhəri kimi təqdim olunmalı və o çür də tanıdılmalıdır. Müxalif mediada olan bütün həmkarlarımdan xahiş edirəm: nə olar, siyasi hikkənizin ipini iyula qədər yığın, sonra istədiyiniz qədər açıb buraxarsınız. Bu müddətdə müxalifətçi kimi yox, Azərbaycanlı kimi düşünün. Hətta bədəvi ərəblərdə belə, “haram ayları” anlayışı vardı, o aylarda daxili münaqişələr dondurulurdu. Olimpiada başa çatana qədərki müddəti “haram ayı” elan edin. Doğrudanmı, biz bədəvi ərəb qədər də ola bilməyəcəyik?!..”

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan bildirir ki, Avropa Oyunları zamanı medianın normal işləməsi həm də tədbirin təşkilatçılarından asılıdır. Onun sözlərinə görə, jurnalistlərin qeydiyyatı, onlara şəraitin yaradılması vacibdir: “Ayrı-seçkilik etmədən media təmsilçilərinə şərait yaradılmalıdır ki, onlar da öz işlərini görə bilsinlər. “Yeni Müsavat”ın media qrupu olaraq Avroviziya təcrübəsi var. 3 il öncə Bakıda keçirilən Avroviziya mahnı yarışmasında bizim əməkdaşlar yüksək peşəkarlıqla işlədilər. İnanıram ki, bu dəfə də belə olacaq”.

Media üzrə ekspert Qulu Məhərrəmli isə hesab edir ki, bu kimi beynəlxalq tədbirləri işıqlandırmağın müəyyən standartları var: “Hesab edirəm ki, Azərbaycan mediasının kifayət qədər zəngin təcrübəsi var. Biz bunu Avroviziya mahnı müsabiqəsində də gördük.

Azərbaycan mətbuatı Avropa Oyunlarını elə işıqlandırmalıdır ki, tədbirlər haqqında dolğun təsəvvür yaransın. Önəmli olan operativlik, dolğunluqdur. Daha çox ağırlıq televiziyaların, radionun və birbaşa yayımların üzərinə düşür. Ən çox ağırlıq isə İdman kanalının üzərinə düşəcək. Məncə, burada elə bir ciddi problem yaranmayacaq və bunun da öhdəsindən laızmınca gələcəyik”.

Gültəkin ƏLƏSGƏR
AzVision.az



Teqlər:  





Xəbər lenti