“İşimizə qarışmayın...” – İqtidardan ABŞ-a etiraz
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mətbutada ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası haqda fikirlərə münasibət bildirərkən deyib.
YAP icra katibinin müavini bildirib ki, ABŞ-da müxtəlif QHT-lər var ki, onlar ayrı-ayrı himayəçilərdən vəsait alaraq bundan müxtəlif dövlətlərə qarşı istifadə edirlər və yaxud da, dövlətlərarası münasibətlərin pozulması üçün cəhdlər göstərirlər.
“ABŞ-la Azərbaycan strateji müttəfiqdir. Azərbaycan həmişə anti-terror əməliyyatlarında iştirak edib. Hava məkanını ABŞ-a açıq elan edib. Bizdə də daxildə olan qüvvələr var ki, bu məsələni qarşıdırmaq istəyirlər. Təbii ki, burada ayrı-ayrı siyasi partiyalar da, QHT-lər də var. Hansı ki, onlar başqa bir dövlətdən dəstək alaraq, çalışırlar ki, vəziyyət gərgin olsun. Azərbaycanın da prinsipi budur. Başqa dövlətin daxili işlərinə qarışmadığımız kimi, tövsiyyə edir ki, bəzi dövlətlər də Azərbaycanın daxili işlərinə qarışmasın”.
Millət vəkilinin sözlərinə görə, ABŞ-ın müxtəlif araşdırma mərkəzləri Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyir.
Deputat qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı, regionda aparıcı dövlət olması, hər gün güclənməsi təbii ki, erməni lobbisinə və onun havadarlarına rahat olmağa imkan vermir: “Bəzən hətta, elə konqresmenləri, senatorları yoldan çıxarırlar ki, onlar Azərbaycan haqqında müxtəlif cür bəyanatlar verir. Sadəcə olaraq erməni lobbisinin təhriki ilə, onların ayırdığı vəsait hesabına müxtəlif köməkçilər var ki, bu suyu bulandırırlar. Amma ilkin götürdükdə isə biz onların verdiyi hesabatların heç birini obyektiv hesab etmirik. Hesab edirik ki, bu Azərbayacan qarşı bir təziqdir. Bir sözlə, ölkəmizdə beynəlxlaq tədbirlərin keçirilməsi, beynəlxlaq oyunların keçirilməsi ilə əlaqədar bu onlar tərəfindən atılan çirkin bir oyundur”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


