`Bizi təzyiq altında saxlamağa çalışırlar`- Novruz Məmmədov

`Bizi təzyiq altında saxlamağa çalışırlar`- Novruz Məmmədov
  29 Aprel 2015    Oxunub:1515
"Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur. İlk Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir".
Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün dünyada müharibə ab-havası var: "Biz həm də gərək özümüzdən soruşaq. Nə üçün belə qısa müddətdə belə bir ab-hava özünü göstərir? 20-25 il ərzində beynəlxalq aləmdə beynəlxalq hüququn norma və prinsipləri yox, böyük dövlətlərin iqtisadi, siyasi, geosiyasi maraqlarının ortaya qoyulması belə bir vəziyyətə gətirib çıxardı. Əvvəllər dünyada 10-a yaxın qaynar nöqtə var idi. Bu gün isə 50-yə yaxındır. Bu elə-belə baş vermir”.

N.Məmmədov qeyd edib ki, geosiyasi oyunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı: "Lakin bu vaxta qədər beynəlxalq hüquqa əsaslanan fikir söylənilmir. Bu məsələ ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk Qrupu bu problemi həll edə bilməz”.

PA rəsmisinin fikrincə, vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar olsa idi, ondan sonrakı münaqişələr də olmazdı. (trend)


Teqlər:





Xəbər lenti