Azərbaycan Saakaşvilini həbs edə bilərmi?

Azərbaycan Saakaşvilini həbs edə bilərmi?
  30 Aprel 2015    Oxunub:3240
Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilinin həbsilə bağlı Azərbaycana rəsmi sorğu göndərib. Marqvelaşvili hakimiyyəti beynəlxalq axtarışa verilən Saakaşvilinin Azərbaycandan ekstradisiyasını tələb edib.

Hüquqi baxımdan Saakaşvili Azərbaycanda həbs oluna bilərmi?

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə AzVision.az-a açıqlamasında bildirib ki, Mixail Saakaşvilinin axtarışı və tutulmasında maraqlı olan Gürcüstan dövləti onun həbsinin səbəblərini kifayət qədər əsaslandırılmış şəkildə Azərbaycan hökumətinə təqdim etməlidir.

Deputatın sözlərinə görə, Saakaşvili adi bir şəxs deyil, vaxtilə ölkəsinin prezidenti olmuş, Azərbaycana dəfələrlə səfər etmiş, işlədiyi müddətdə ölkəmizlə dostluq münasibətlərinin inkişafına dəstək olmuş, çox yaxşı bir münasibət formalaşdırılmış siyasi liderdir.

“Bu baxımdan Mixail Saakaşvili Gürcüstan hökuməti tərəfindən axtarılırsa da, görünür, ölkəmizə gələrkən bu məsələləri həll edib gəlib. Saakaşvili Bakıya həbs olunmayacağının, başqa ölkəyə təhvil verilməyəcəyinin zəmanətini alıb gəlib. Hesab edirəm ki, belə bir foruma gələn bir şəxsin tutulub Gürcüstana təhvil verilməsi xahişi ilə çıxış etmək özü düzgün deyil. İndiki Gürcüstan hökumətinin bu məqsədlə Azərbaycanın Baş Prokurorluğuna müraciət etməsi yolverilməzdir.

Saakaşvili Azərbaycan tərəfindən dəvət alıb, öz xoşu ilə gəlməyib. Qonağı tutub, başqa dövlətə təhvil vermək Azərbaycan üçün də önəmli ola bilməz. Onun həbs olunub, Gürcüstana təhvil verilməsini hüquqi cəhətdən də düzgün hesab etmirəm”.

Qeyd edək ki, Gürcüstanda barəsində cinayət işi açılan M.Saakaşvili beynəlxalq axtarışa verilib. Hazırda Ukrayna prezidentinin müşaviri olan sabiq pezident Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil edilən III Qlobal Bakı Forumunda iştirak edib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti