Azərbaycanda quşlar yoxlanılacaq

Azərbaycanda quşlar yoxlanılacaq
  30 Aprel 2015    Oxunub:1731
Quş qripi xəstəliyinə görə növbəti monitorinqə start veriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlanılır.

Mayın 4-də köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr mayın 15-də ictimaiyyət üçün açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.


Teqlər:  



Xəbər lenti