Bakının ev bəlası: Kim nəzarət etməlidir?

Bakının ev bəlası: Kim nəzarət etməlidir?
  01 May 2015    Oxunub:4094
Milli Məclisin bu həftə keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən bundan irəli gələrək Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edildi.

Dəyişikliklərdən sonra qanunsuz tikinti aparanlar və buna şərait yaradan şəxslər daha sərt cəzalandırılacaq. Belə ki, Məcəllənin 314-2.2-ci maddəsinə edilən dəyişikliyə görə, “ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə, 2 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bəs, görəsən qanunsuz tikilən evlərə kim nəzarət etməlidir?

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, şəhər icra orqanları qanunsuz tikintilərə nəzarət edir. Onun sözlərinə görə, həmçinin tikintiyə həmin ərazidə olan bələdiyyələr də nəzarət etməlidir: “Qanunsuz tikintilərə qarşı nəzarət edən orqanlar çoxdur. Hər hansı bir magistral xəttin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında evlər tikilirsə, onunla əlaqədar orqanlar da var və buna nəzarət etməlidirlər. Qaz, su xətlərinin üzərində tikilənlərə qarşı həmin qurumlar nəzarət etməlidirlər ki, belə tikintilər aparılmasın. Amma əsas nəzarəti icra orqanları və bələdiyyələr aparmalıdır ki, onların balansında olan torpaqlarda qanunsuz tikintilər tikilməsin, həmin şəxslərə qanunsuz torpaqlar verilməsin”.

Millət vəkili qeyd edib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin sərtləşdirilməsi çox düzgün addımdır.

“Ona görə ki, hamı rayonlardan axışıb, Bakı şəhərinə gəlir. Hərə bir yerdə tikinti aparır və sonra həmin yerlər qeydiyyata alınmır. Şəhərin özündə, nəqliyyat sistemində sıxlıq yaranır. Qanunsuz evlərin də qeydiyyata alınması çox çətin məsələdir və problemlər yaradır. 20,30 il bundan əvvəl tikilən evlər var ki, heç onların qeydiyyatı yoxdur. İnsanlar 30-40 ildir bu evlərdə yaşayırlar, ailə qurublar, amma onların əksəriyyətinin dəqiq bir qeydiyyat yeri yoxdur. Bu baxımdan qanunun sərtləşdirilməsi çox düzgün haldır. Hər bir təşkilat öz səviyyəsində buna nəzarət etməlidir. Həmçinin vətəndaşın özünün nəzarəti olmalıdır. Evimin yaxınlığında standartalara uyğun olmayan ev tikilirsə, vətəndaş kimi aidiyyatı qurumlara öz şikayətimi bildirməliyəm”.

Hazırda qanunsuz evlərlə bağlı aparılan işlərə gəlincə, deputat əlavə edib ki, bununla əlaqədar müəyyən sənədlər hazırlanır və bir çoxlarına hüquqi aktlar verilib: “Amma elələri var ki, əlində heç bir sənədi yoxdur. Digər tərəfdən mübahisəli evlər də var. Bəzən bizə elə gəlir ki, bu evlərə tezliklə sənəd vermək olar. Amma bu çətin bir prosesdir. Çünki mülkiyyətdirsə, həmin mülkdə övladların özlərinin, valideynlər ora qeydiyyatdadırsa, onların gələcəkdə hüquqları var. Ona görə də sənədlərin hamısı dəqiq olmalıdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti