`İnanılmaz çirkin metodlara əl atılıb` - Azay Quliyev

`İnanılmaz çirkin metodlara əl atılıb` - Azay Quliyev
  01 May 2015    Oxunub:1808
`Avropa tarixində ilk dəfə keçiriləcək möhtəşəm idman bayramına hazırlıqlar böyük coşqu ilə davam edir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözləri ilə desək, Azərbaycan növbəti dəfə tarix yazmağa hazırlaşır. Doğrudan da, qısa zaman ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni, əzəmətli idman obyektləri, kompleksləri tikilib, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib`.

Bu sözləri millət vəkili Azay Quliyev öz facebook səhifəsində yazıb. O, həmçinin bildirib ki, Azərbaycan təkcə hazırlığı ilə deyil, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb:

- Əminəm ki, Birinci Avropa Yay Oyunları başa çatandan sonra “Bu qədər zəhmət çəkməyə, genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi” fikrini hər bir soydaşımız səsləndirəcək. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş ölkəmizi dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsəti dəyərləndirəcəyik.

Amma deputatın fikrincə, bu sözü hamı deməyəcək, bizimlə bərabər sevinməyənlr də olacaq. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisindən qaynaqlananlar sevinməyəcəklər, o xoş sözləri təkrarlamayacaqlar.

- Artıq bizə bəllidir ki, Azərbaycana qarşı aparılan iyrənc kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə təbliğat qurulması, hakimiyyətə qarşı petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi və s. kimi inanılmaz çirkin və cılız metodlara əl atılıb. APA İA-nın hazırladığı arayışda və oraya çıxardığı sənədlərdə deyilir ki, Azərbaycana qarşı aparılan bu şəbəkələşmiş kampaniya 2015-ci ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb. Kampaniya müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Buna heyrətlənməyə bilmirsən,- deyə Azay Quliyev vurğulayıb.

Onun sözlərinə görə, bütün bu anti-Azərbaycan kampaniyasının başında özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ABŞ-ın rəsmi dairələrinin, Dövlət Katibi Con Kerrinin ofisinin və Vaşinqtonun maliyyətləşdirdiyi müxtəlif fondların durduğu haqqında ciddi məlumatlar var. ABŞ rəsmilərinin bu barədə verdiyi açıqlamalar həm səthidir və həm də səmimi deyil.

“Biz doğru və haqq yoldayıq. Cənab Prezidentin yürütdüyü siyasət Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təminatına yönəlmiş ən doğru və alternativsiz siyasətsir. Tarix dəfələrlə sübut edib ki, Azərbaycanla təzyiq və şantaj dili ilə danışmaq heç kimə fayda gətirmir. Azərbaycana hörmət etmək və onunla dost olmaq hər kəsin çıxarlarına uyğundur . Əminəm ki, Azərbaycan dövləti və xalqı bu mübarizədən alnıaçıq və üzüağ çıxacaq və bizim üzərimizdə oynanılmağa cəhd edilən bu çirkin oyunların ifşasını bundan sonra da davam etdirəcək”,- deyə Quliyev fikrini yekunlaşdırıb.


Teqlər:



Xəbər lenti