DYP-dən sürücülərə pərdə xəbərdarlığı

DYP-dən sürücülərə pərdə xəbərdarlığı
  01 May 2015    Oxunub:2935
“Bu gündən başlayaraq noyabr ayının 15-nə qədər nəqliyyat vasitələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

DYP rəsminin sözlərinə görə, nəqliyyat vasitələrində hərəkət edən sərnişinlərin qorunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təyin etdiyi standarta əsasən idarə olunan nəqliyyat vasitələrinin arxa qapı şüşələrinə sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadə olunmasına icazə verilir: “Bu standartlardan kənar olan istənilən nəqliyyat vasitəsinin sürücüsü bizim əməkdaşlar tərəfindən saxlanılıb, dərhal məsuliyyətə cəlb olunacaqlar. Söhbət həmçinin buqələmun güzgü və digər rəngli şüşələrdən gedir ki, onların da avtomobilə quraşdırılıb idarə olunması yolverilməzdir. Yalnız standartda göstərilən tələblər üzrə avtomobillər idarə oluna bilər”.

V.Əsədov həmçinin bildirib ki, bu gün keçirilən reydlər zamanı kustar üsulla hazırlanmış pərdə ilə idarə olunan bir neçə avtomobil aşkarlanıb: “Onlara protokol tərtib etmədik. Bir daha təbliğatın aparılmasına üstünlük verdik. Sürücülərə izah etdik ki, qanunun tələblərinin bu cür yerinə yetirilməsi müzakirə obyekti ola bilməz. Hər kəs buna düzgün əməl etməlidir”-deyə V.Əsədov vurğulayıb.

Qeyd edək ki, mayın 1-dən etibarən avtomobillərdə quraşdırılan jalüzlərin standartlara uyğunluğuna nəzarət etmək məqsədi ilə BŞDYPİ-nin əməkdaşları reydlərə başlayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti