Azərbaycanın “Eurovision 2015” münsifləri – SİYAHI

  01 May 2015    Oxunub : 1923
Azərbaycanın “Eurovision 2015” münsifləri – SİYAHI
Bu ilin may ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision 2015” mahnı müsabiqəsində yerli münsiflərin adları açıqlanıb.
AzVision.az-ın “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, hər bir ölkədə 5 yerli münsif ifaları qiymətləndirəcək.

Məlumata əsasən, Azərbaycanın münsif heyətinə Zümrüd Dadaşzadə, Tünzalə Ağayeva, Fidan Hacıyeva, Faiq Ağayev, Samirə Allahverdi daxildir. Opera müğənnisi Azər Zeynalov isə siyahıda ehtiyat münsif kimi göstərilib.

Qeyd edək ki, müsabiqədə ilk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə təyin olunub.
İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belədir: Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan.

İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: