“Neft ucuzlaşsa da iqtisadiyyatımız 5 faiz artıb”
“Azərbaycanın bugünkü iqtisadi inkişaf səviyyəsinə gəldikdə bildirmək istərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və hərtərəfli islahatlar nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artmışdır”, - deyə Ş. Mustafayev bildirib.
Nazir qeyd edib ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə əlverişli zəmin yaradıb. “Belə ki, 10 ildə əhalinin gəlirləri 6 dəfə, orta aylıq əmək haqqı 4,5 dəfə artmış, işsizlik səviyyəsi cəmi 4,9% təşkil etmişdir. Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur. Son 10 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılmışdır. Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir”, - deyə o əlavə edib.
Ş. Mustafayev qeyd edib ki, Azərbaycan adambaşına düşən ümumi milli gəlirin həcminə görə “aşağı orta gəlirli” ölkələr qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, İnsan İnkişafı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlib.
“Sual oluna bilər: Qısa zaman ərzində Azərbaycanın bu böyük uğurlarını hansı amillər şərtləndirmişdir? İlk növbədə qeyd edim ki, ən mühüm amillərdən biri Azərbaycanın siyasi cəhətdən sabit ölkə olmasıdır. Hələ 1918-ci ildə şərqdə ilk demokratik respublika qurmuş xalqımız 100 illik demokratik ənənələrə malikdir və bu gün də həmin ənənələrə sadiq qalır, milli, dini və irqi tolerantlığı ilə seçilir. Azərbaycanda siyasi kataklizmlər mövcud deyil, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmir, onların hüquqları etibarlı qorunur. Ölkəmizin davamlı inkişafını təmin edən digər mühüm amil makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasət tədbirləridir”, - deyə nazir bildirib.
O qeyd edib ki, bu tədbirlər nəticəsində son illərdə büdcə kəsiri ÜDM-nin 1%-dən çox olmayıb, ölkənin xarici borcu ÜDM-nin 8,6%-i səviyyəsindədir və hazırkı valyuta ehtiyatları bu borcu 8 dəfə üstələyir.
“Azərbaycanın iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malikdir. Görülən işlər nəticəsində qeyr-neft iqtisadiyyatı son 10 ildə 2,5 dəfə artmış, ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37%-dən 68%-ə çatmışdır və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, qeyri-neft sənayesi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir. Təsadüfi deyil ki, enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyat 5,3%, o cümlədən qeyri-neft sektoru 7% artmışdır”, - deyə o bildirib.
(Apa)