`Müxalifət özünü ifşa etdi`- İqtidardan dialoq açıqlaması

`Müxalifət özünü ifşa etdi`- İqtidardan dialoq açıqlaması
  03 May 2015    Oxunub:2520
“Müxalifət bu addımı ilə özünü bir daha ifşa etdi. Göstərdi ki, Azərbaycan maraqları oların maraq dairəsində deyil, onları ancaq partiya və şəxsi maraqları düşündürür”.

Bu barədə AzVision.az-a açıqlamasında YAP-çı millət vəkili Aydın Mirzəzadə müxalifət partiyalarının Avropa Oyunları ilə bağlı iqtidarla dialoqa etiraz etməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, müxalifət Avropa Oyunları öncəsi iqtidara dəstək vermək istəmir.

“Bu gün Avropa Oyunlarına görə bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Müxalifətdən heç kim iqtidarın fikirlərini bölüşmək, onu müdafiə etmək istəmir. Burada söhbət Avropa Oyunları zamanı Azərbaycanın təmsil edilməsi, bu gün dünya birliyində layiqli yer tutmasına töhfə verilməsindən gedir. Bunun da yolları kifayət qədər müxtəlifdir. Ölkəmiz üçün önəmli olan məsələni müzakirə etməkdən imtina müxalifətin şəxsi maraqlarını ölkənin maraqlarından üstün tutduğunu göstərir.

Buna baxmayaraq, Azərbaycan öz maraqlarını yüksək səviyyədə müdafiə edəcək və Avropa Oyunlarını lazımı şəkildə təşkil edəcək”.

Müxalifətin dialoqda seçki müzakirəsinə gəlincə, hakim partiyanın rəsmisi vurğulayıb ki, iqtidar istənilən müzakirəyə hazırdır: “Bu gün iqtidarın təklif etdiyi mövzu həm iqtidarın, həm də müxalifətin maraqlarına cavab verirdi. Müxalifət isə bunu qəbul etmədi”.

Qeyd edək ki, Prezident Administrayasiyası tərəfindən müxalifət partiyalarına dialoq aparılması barədə təklif irəli sürüb. Dialoqda iştirak edəcək müxalifət təmsilçiləri görüşdə Avropa Oyunlarının müzakirə mövzusu olduğunu əsas gətirərək dialoqdan imtina etmək istəyir.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti