Ölkə iqtisadiyyatı 10 ildə 3 qat artıb

Ölkə iqtisadiyyatı 10 ildə 3 qat artıb
  03 May 2015    Oxunub:1853
2006-cı ildən indiyədək Azərbaycanda infrastrukturun inkişafına, xüsusilə də fiziki infrastruktura 30 milyard dollar vəsait yönəldilib.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində maliyyə naziri Samir Şərifov “Asiya üzrə özəl infrastruktur: Bank layihələrinin hazırlanması və özəl maliyyələşdirmə üzrə maneələrin aradan qaldırılması üçün məhdud təchizat, lakin geniş tələbat” mövzusunda keçirilən seminarda məlumat verib.

Dövlət Neft Fondunun vasitəsilə ölkə daxilində infrastruktur layihələrinin həyata keçirildiyini deyən nazir S.Şərifov qeyd edib ki, Azərbaycan İndoneziya, Filippin və digər ölkələrdə yaradılan xüsusi təsisatların təcrübəsini öyrənməkdə və tətbiqində maraqlıdır.

“Azərbaycan həm Avropanın, həm də Asiyanın əlamətlərini özündə birləşdirən yeganə ölkədir və iki qitə arasında körpü rolunu oynayır. Azərbaycan regionun vacib ölkəsinə çevrilir. Son illər həyata keçirilən layihələrdən biri də “Dəmir İpək yolu” layihəsidir. Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək. Layihənin reallaşması nəticəsində Xəzər dənizi regionundan yüklər Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatdırıla bilər. Bizim Çin şirkətləri ilə əlaqələrimiz mövcuddur. Çinin bu layihəni dəstəkləməkdə maraqlı olması ilə bağlı məlumatımız var”, - deyə nazir diqqətə çatdırıb.


Teqlər:  





Xəbər lenti