`Bölgədə ciddi təhlükələr var` - Mübariz Qurbanlı Tehranda

  03 May 2015    Oxunub : 1635
`Bölgədə ciddi təhlükələr var` - Mübariz Qurbanlı Tehranda
Bu gün səhər Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tehranda İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkmanla görüşüb.
Trend-in məlumatına görə, görüşdə M.Qurbanlı deyib ki, Azərbaycan və İran dövlətləri və xalqlarını birləşdirən amillər mövcuddur. Bunlara mədəniyyət birliyi, din birliyi və tarixi birliyi göstərmək olar. “Dövlət başçıları cənab Prezident İlham Əliyevİslam Respublikasının prezidenti Həsən Ruhani arasında çox gözəl və isti münasibətlər var. İslam İnqilabının rəhbəri Ağayı Xameneinin Azərbaycana gözəl münasibəti bizə bəllidir”.

M.Qurbanlı əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İran Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan və İran arasında ikitərəfli əlaqələr üçün geniş potensial var və imkanlarımız bundan daha çoxdur və bunun üçün əlbəttdə bölgədə sülh və əminamanlıq olmalıdır: “Çox təəssüf ki, bölgədə mürəkkəb proses gedir və təhlükələr var. Bölgəmizdəki ən böyük təhlükə islam adı altında dini radikal qrupların mənfi fəaliyyətidir. İŞİD kimi qruplaşmalar islama zərbə vurmaq üçün yaradılıb və onların əməlləri bölgədə İslama xidmət etmir.”

M.Qurbanlı həmçinin bildirib ki, din sahəsində, dini təhsil sahəsində iki ölkə arasında imkanlar çoxdur və biz bu imkanları daha da genişləndirərək bu cür radikal qruplara qarşı birgə tədbirlər görə bilərik.

M.Qurbanlı bildirib ki, Azərbaycan heç vaxt İrana qarşı hər hansı bir hərəkətlərin yol verilməsinə tərəfdar olmayıb, buna imkan yaratmayıb və bundan sonra da yaratmaz.

Komitə sədri bildirib ki, Azərbaycan müsəlman və islam ölkəsi olaraq, dinə və dini dəyərlərin qorunmasına çox diqqət yetirir. Əgər sovetlər dövründə Azərbaycanda 17 məscid var idisə, indi Azərbaycanda 2050 məscid var.

M.Qurbanlı Azərbaycan və İran arasında bütövlükdə heç bir problemin olmadığını vurğulayıb və İranda təhsil alan gənclərin məsələsinə toxunub. “Bizim Azərbaycanda dini təhsillə bağlı, mədrəsələrimiz, İslam Universitetimiz, Bakı dövlət Uiversitetində ayrıca ilahiyyat fakültəmiz var. Biz bu mədrəsələr və ali təhsil ocaqlarına diqqət yetiririk.”

O əlavə edib ki, Azərbaycanda dini ayinləri məscidlərdə icra etmək yalnız Azərbaycanda dini təhsil almış şəxslərə aiddir: “Bildiyimə görə, İranda, Türkiyə və Ərəb ölkələrində də bu belədir. Dini təhsili yüksək səviyyədə almaq üçün İrana, Türkiyə, Ərəb ölkələrinə və İslam mərkəzlərinə getmək olar. Eyni zamanda tanınmış isam alimlərinin bizim ökəyə dəvət olunub, ali dini mərkəzlərdə mühazirə deməsi də məqbul sayıla bilər. Ona görə də hesab edirik ki, İrana təhsil almağa gələn vətəndaş mütləq ilk baza təhsilini ölkəmizdə almaldır. Sonra yüksək təhsilini başqa yerdə ala bilər, biz buna etiraz etmirik.”

Görüşdə İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkman Azərbaycan və İran arasında çoxlu oxşarlıqların olduğundan danışıb və bildirib ki, Azərbaycan və İran arasında əlaqələrin inkişafı istiqamətində prespektivlər və sahələr həddindən artıq çoxdur və bundan əlaqələrin inkişafı üçün istifadə olunmalıdır.

Ə.İ.Türkman deyib ki, bu gün regionda İŞİD adlı düşmən yaradılıb və bu regionda problemlər yaradır. “Biz əməkdaşlıqla və öz gənclərimizi dini həqiqətlərlə tanış edərək İŞİD kimi təşkilatlara qoşulmağı aradan qaldıra bilərik”.

Qeyd edək ki, görüşdə Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov və İranın Azərbaycandakı səfirlyinin mədəniyyət ateşesi İbrahim İbrahimi də iştirak edib.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Tehrana səfəri ötən gün başlayııb. Səfər çərçivəsində müvafiq dövlət qurumlarında iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirə olunması nəzərdə tutulub.

Səfər çərçivəsində Komitə sədri dövlət və hökumət rəsmiləri, o cümlədən Ali Dini rəhbərin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi, İranın vitse-prezidenti, Milli Kitabxananın rəisi Əkbər Salehi, Xarici işlər nazirinin müavini İbrahim Rəhimpurilə görüşəcək və İran Parlamentində bir sıra müzakirələr aparacaq.

Eyni zamanda, Dövlət Komitəsinin sədri Qum şəhərində Cameatül-Mustafa Universitetində olacaq, müəllim heyəti və nüfuzlu din xadimləri, o cümlədən Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcək.

Teqlər: