`Holland sindromu`na məruz qalmadıq - Prezident
Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq: “Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir”.
İlham Əliyev vurğulayıb ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümumi daxili məhsulun 10 faizi təşkil edir: “Müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb etmişik. Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır. Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz “Holland sindromu”na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar”.
Prezident əlavə edib ki, Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub: “Bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikmişik”.
Ölkə başçısı bəyan edib ki, enerji təhlükəsizliyi bu gün təbii qaz sərvətləri ilə bağlıdır və Azərbaycan bu prosesdə aparıcı ölkədir: “Biz TANAR və TAP-ın təşəbbüskarı olmuşuq. Cənub Qaz Dəhlizi ən böyük infrastruktur layihəsidir, 45 milyard dollar tələb olunur. Cənub Qaz Dəhlizinin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchizatçısı olacağıq. Siyasətimiz regional əməkdaşlığın təşviqinə yönəlib. Biz qarşılıqlı faydalı prinsiplərlə əməkdaşlığa üstünlük veririk. Biz heç vaxt enerji resurslarımızdan təzyiq vasitəsi kimi istifadə etməmişik, tranzit və istehlakçı ölkələri dəstəkləmişik”.
“20 il əvvəl Azərbaycana səfər edənlər Bakının acınacaqlı vəziyyətdə olduğunu görürdülər. İndi isə Bakı tamamilə dəyişib. Bakıda neft gölləri təmizlənib, ətraf mühit yaxşılaşdırılıb. Bu, resurslarımızın sahibi olduğumuz üçün mümkün olub”-deyən dövlət başçısı bildirib ki, 70 il əvvəl Azərbaycan müstəqil olsaydı, bu gün daha zəngin ölkə olardı: “Enerji təhlükəsizliyimiz, öz sərvətlərimizə arxalanmağımız iqtisadi inkişafımızın əsasını təşkil edir. Bu gün Azərbaycan coğrafi mövqeyindən yararlanır, nəqliyyat mərkəzidir. Xəzərdə ən böyük - 25 milyon ton yük qəbul etmək qabiliyyətinə malik liman tikilir. Bakı-Tiflis-Qars dəmiryolu xətti dəmir “İpək Yolu” olacaq”.
Prezident deyib ki, Azərbaycanda unikal model olan “Asan xidmət” yaradılıb. Müasir idarəçilik metodları, iqtisadiyyatda şaxələnmə əsas istiqamətdir. O, bildirib ki, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edəcək: “Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafını üçün aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Həmçinin xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9,8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq”.
Azərbaycan prezidenti qeyd edib ki, ölkədə turizmin inkişafına xüsusi diqqət yetiriləcək: “Siyasi, iqtisadi azadlığın davam etdirilməsinə çalışacağıq”.







Vaxtında, Aydın, Lazımlı!


