`Mən də Arif Hacılını Müsavatdan qovum?`- Qalmaqal

  04 May 2015    Oxunub : 1861
`Mən də Arif Hacılını Müsavatdan qovum?`- Qalmaqal
“Vurğun Əyyubun hansısa rayon təşkilatının rəyi ilə partiyadan çıxarılması absurddur”
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat funksioneri Tural Abbaslı Vurğun Əyyubun Müsavatdan xaric edilməsinə münasibətində deyib.

T.Abbaslının sözlərinə görə, hazırki başqan Arif Hacılı bir neçə dəfə iclaslarda Vurğun Əyyubun partiyadan çıxarılacağını bildirib.

“Onun hansısa rayon təşkilatının rəyi ilə partiyadan çıxarılması absurddur, çünki Müsavatda uzunmüddətli ənənə var ki, partiyanın tanınmış simaları və rəhbər şəxsləri rayon təşkilati səviyyəsində müzakirə ilə partiyadan xaric olunmur. Onların taleyini 4 nəfərlik iclasda həll etmək olmaz.

Vurğun bəy 4 nəfərin iştirak etdiyi iclasla xaric olunub və bu iclasda heç bir prosedur qaydası yerinə yetirilməyib. Bunlar da onu göstərir ki, Vurğun bəyin partiyadan uzaqlaşdırılması yuxarıdan, partiya rəhbərliyindən gələn tapşırıqla və çox tələm-tələsik reallaşdırılıb”.

T.Abbaslı Vurğun Əyyubun Müsavatdan çıxarılmasının partiya üçün ayıb olduğunu deyib.

“Bu hal təkcə rayon təşkilatının yox, bütün partiyanın ayıbıdır və Arif Hacılının ayağına yazılır. Arif Hacılının bu addımı rəqiblərini partiyadan uzaqlaşdırmaq siyasətinin davamıdır və bu heç də nə partiyanın ,nə də rəhbərin imicinə müsbət rəy gətirmir. Bu tendesiya çox yanlışdır. Sabah yenə qurultay olacaq və tutalım ki, mən başqan seçiləcəm, onda mən də rəqibim Arif Hacılını partiyadan qovum? Bu, necə təsir edər? Rəqibləri partiyadan uzaqlaşdırmaq düzgün olmayan yanaşmadır”.

Partiya üzvü əlavə edib ki, qurultayda partiya sədrliyinə namizəd olan 4 nəfərdən ikisi artıq partiyadan xaric olunub: “Vurğun Əyyub isə namizədlərdən biri olan Qubad İbadoğlunun yaxın tərəfdarı idi, o da partiyadan uzaqlaşdırıldı. Mənim çıxarıla biləcəyimə gəlincə isə, görünür ki, hələ rəhbərliyə mən və mənim ətrafımın partiyadan uzaqlaşdırılması sərf etmir. Üzvlük haqqı vermir, partiya iclasılarında iştirak etmir kimi ucuz bəhanələrlə partiyanın əsasını qoyan adamlardan biri xaric edilir. Mən Vurğun Əyyubun partiyadan çıxarılmasını qətiyyətlə pisləyirəm, bunun əleyhinəyəm və tələb edirəm ki, həmin qərar ləğv olunsun”.

Qeyd edək ki, Müsavat Partiyasının tanınmış simalarından olan Vurğun Əyyub ötən gün partiyadan xaric edilib.

Fatimə Kərimli

Teqlər: