`Vəfa Quluzadə Qarabağın sirrini bilirdi...` – Politoloqlar danışdı

`Vəfa Quluzadə Qarabağın sirrini bilirdi...` – Politoloqlar danışdı
  05 May 2015    Oxunub:21206
Tanınmış politoloq Vəfa Quluzadənin ölümü ilə siyasi elitaya böyük itki üz verdi. 1990-1999-cu illərdə Azərbaycanda Dövlət Müşaviri işləyən Vəfa Quluzadə sonradan bu vəzifədən istefa verərək ömrünün sonuna kimi politoloq kimi fəaliyyətini davam etdirib.

Vəfa Quluzadənin siyasi fəaliyyətinə bu dəfə onun politoloq həmkarları qiymət verib.

Vaxtilə onun kimi yüksək vəzifədə çalışan Qabil Hüseynli AzVision.az-a açıqlamasında bildirib ki, Vəfa Quluzadə yaxşı politoloq olmaqla yanaşı, çox pozitiv auralı insan və yaxşı yol yoldaşı olub: “Vəfa müəllim çox pozitiv ruhlu, vətənpərvər adam idi. O, Azərbaycan diplomatiyasını, xüsusilə də Dağlıq Qarabağ problemini, münaqişənin sirli məqamlarını dərindən bilirdi. Postsovet məkanındakı prosesləri həm çox gözəl sezirdi, həm də yaxşı təhlil edirdi”.

Q.Hüseynli hesab edir ki, Vəfa Quluzadə Azərbaycanın qızıl incilərindəndir.

“Mən onunla təxminən 2 il işləmişəm. Bir yerdə səfərlərimiz olub, fikir mübadiləsi aparmışıq, həmişə ondan müsbət enerji almışam. Vəfa Quluzadə kimi adamları Azərbaycan genefondunun qızıl inciləri sayıram və həmişə onların xatirəsi qarşısında baş əyilməlidir”.

Siyasi şərhçi Elman Nəsirov isə bildirib ki, Vəfa Quluzadənin politoloq kimi fəaliyyəti yeni nəsil politoloqların yetişməsində mühüm rol oynayıb: “Azərbaycan müstəqillik əldə edəndən sonra onun milli təhlükəsizliyinin, xarici siyasətinin formalaşmasında Vəfa Quluzadənin xüsusi xidmətləri olub. O, həm dövlət müşaviri çalışan vatxlarda, həm də istefaya getdikdən sonra Azərbaycanın maraqları, mənafeyindən çıxış edib. Xüsusilə də Vəfa Quluzadənin yanaşmalarını, proqnozlarının düzgünlüyünü şərtləndirən bir çox amillər var idi ki, bunlardan biri də onun bir çox proseslərin birbaşa iştirakçısı olması idi.

Vəfa müəlim yaddaşımızda vətənsevər, Azərbaycan mənafeyinə xidmət edən adam kimi yadda qalıb”.

E.Nəsirov hər zaman Vəfa Quluzadənin şərhlərini izlədiyini deyib: “Mən özüm də həmişə onun hadisələrə yanaşması ilə maraqlanırdım. Bəzən fikirlərimiz üst-üstə düşmürdü, amma onun hadisələrə yanaşması və danışıq tərzi elə inandırıcı idi ki, qarşısındakı insanı da inandırırdı. Hesab edirəm ki, Vəfa müəllimin xatirəsi hər zaman yaşayacaq. O, Azərbaycan üçün xidmətləri olmuş görkəmli simalardan biridir. Ruhu şad olsun”.

Poltioloq Fikrət Sadıqov Vəfa Quluzadə ilə eyni fakültədə təhsil aldığını deyib və bildirib ki, onun ölümü Azərbaycan siyasətinə böyük itkidir: “Biz vaxtilə bir fakültədə - Şərqşünaslıq fakültəsində oxumuşuq, amma o, məndən 5 yaş böyük idi. Vəfa yüksək səviyyəli peşəjkar idi. Diplomatiya sahəsində böyük xidmətləri var idi. Həm dövlət, həm də xalq üçün gördüyü işlər çox müsbət olub. Həmçinin onun fəaliyyəti gənc nəsil üçün örnək kimi qalacaq.

Vəfa Quluzadənin çıxışları, yazıları, Dağlıq Qarabağ problemi ilə bağlı yanaşmaları həmişə çox dərin, maraqlı və Azərbaycanın mənafeyinə uyğun olub”.
F.Sadıqov bildirib ki, Vəfa Quluzadə ilə həmişə ünsiyyətdə olub və fikir mübadiləsi aparıb: “Biz yaxşı tanış idik. Mən də diplomatiya sahəsində - Xarici İşlər Nazilriyində işləmişəm. Ona görə də biz tez-tez görüşürdük, fikir mübadiləsi aparırdıq. Başqa yerlərdə işləyəndə də əlaqəmiz kəsilmirdi. Uzun illər ərzində əməkdaşlıq etmişik. Ailəsinə səbr diləyirəm, ruhu şad olsun”.

Qeyd edək ki, Vəfa Quluzadə mayın birində 74 yaşında dünyasını dəyişib.

O, 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb (1990-1999). O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti