“Gürcüstanın 90 faizini qazla təmin edirik” – Abdullayev

  05 May 2015    Oxunub : 1467
“Gürcüstanın 90 faizini qazla təmin edirik” – Abdullayev
Aktivlərimizin inkişaf etdirilməsi əsas hədəflərdəndir.Türkiyə neft-kimya sektorunun yeganə istehsalçısı olan PETKİM-in xammalla etibarlı təchiz olunması məqsədilə inşa edilən STAR Neft Emalı Zavodu, konteyner limanı və elektrik stansiyası layihələri bizə imkan verəcək ki, 2023-cü ildə bu nəhəng müəssisələr zəncirini yalnız Türkiyənin deyil, bütövlükdə regionun ən böyük neft-kimya, logistika və liman mərkəzinə çevirək.
AzVision.az xəbər verir ki, bunu “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev bildirib.

SOCAR prezidentinin sözlərinə görə, bu gün Gürcüstanın qaz təchizatının 90 faizini biz təmin edirik:

“Qonşu ölkənin onlarca qazpaylayıcı şəbəkəsi SOCAR tərəfindən idarə olunur. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25 faizinə biz nəzarət edirik. Qara dənizdə Azərbaycana əlverişli mövqe qazandırmış Kulevi “Black Sea” Terminalı ildə 10 mln. ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsinə imkan verir. Terminal hazırda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının da dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır”, - deyə, o bildirib.

Abdullayev vurğulayıb ki, neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və fəaliyyəti mərkəzləşdirmək məqsədi ilə İsveçrədə təsis olunmuş “SOCAR Trading S.A.” şirkəti qısa bir müddətdə Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya və Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda möhkəmlənib.

“Treydinq şirkətimiz BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir. Artıq tikintinin 2 mərhələsi çərçivəsində quraşdırılmış 12 rezervuar istismar olunur”, - deyə, o bəyan edib.

AzVision.az

Teqlər: