Paradoks: Dilqəmə ömürlük, Arsenə isə 15 il həbs...

Paradoks: Dilqəmə ömürlük, Arsenə isə 15 il həbs...
  05 May 2015    Oxunub:4191
Ötən il dekabrında Ağdamda tutulan erməni kəşfiyyatçıya bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmənin qərarı ilə erməni diversant Baqdasaryan Arsen Eduardoviç 15 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan tərəfi bu dəfə də humanistlik göstərərək erməni kəşfiyyatçısına 15 il həbs çəzası kəssə də, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrumetmə cəzası verilib.

Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas AzVision.az-a açıqlamasında Baqdasaryana oxunan hökmün doğru olduğunu deyib.

Deputatın sözlərinə görə, ermənilər hüquq prinsiplərini saymasa da, Azərbaycan humanistliyini dünyaya nümayiş etdirdi.

“Biz hüquqi dövlətdə yaşayırıq. Bundan başqa humanistliyimiz var. Həmin erməni diversant Azərbaycana keçib, həbs olunub. Ona qarşı cinayət işi açılıb, müvafiq maddələrlə ittiham olunub.

Bizdə 15-ildən yuxarı iş yoxdur. Ya ömürlükdür, ya da 15 il. Cinayət Məcəlləsində 20-25 il yoxdur. Odur ki, istintaq bütün bunları araşdırıb və məhkəmə hökm çıxardıb. Biz erməni prinsipi ilə yaşamırıq. Buna görə də burada qeyri-adi iş görmürəm”-deyə Aqil Abbas bildirib.

Xatırladaq ki, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə ittiham edilib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti