İlham Əliyev: `Nə qədər güclü olduğumuzu görəcəklər`

İlham Əliyev: `Nə qədər güclü olduğumuzu görəcəklər`
  05 May 2015    Oxunub:2912
“Son vaxtlar Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir”.

Bu sözləri prezident İlham Əliyev “İnturist” otelinin açılışından sonra otelin kollektivi ilə görüşü zamanı deyib. Ölkə başçısı Azərbaycanda kadr hazırlığının lazımi səviyyədə olduğunu bildirib: “Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda çoxsaylı otellər tikilmişdir. Bu gün bütün müasir və ən qabaqcıl otellərin brendləri Bakıda vardır. Son 2-3 il ərzində görün nə qədər gözəl otellər tikilib. “Four Seasons”, “Fairmont”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, “Sheraton”, - bunlardan əvvəl “Hyatt” var idi, - indi də “İnturist” oteli. “İnturist” mehmanxanasının da bu otellər sırasında öz yeri var. Əminəm ki, gələcəkdə bu proses davam edəcək. Çünki yaxın gələcəkdə yeni “Ağ şəhər” bulvarında “Bulvar” oteli də açılacaq. Bulvarın uzunluğu artıq 16 kilometrə çatıb.

“Ağ şəhər” bulvarı yaxın günlərdə insanların sərəncamına veriləcək. Beləliklə, Bakıya gələn qonaqlar şəhərimizi gəzəcək və bir daha görəcəklər ki, Azərbaycan nə qədər güclü ölkədir, Azərbaycan nə qədər sürətlə inkişaf edir. Bakıya gələn bütün qonaqlar bunu görür və qeyd edirlər". İlham Əliyev vurğulayıb ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və mənim üçün ən gözəl şəhərdir: "Çünki Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Son vaxtlar o qədər ictimai yerlər açılıb ki, indi bu ictimai yerlərdə istirahət edə biləcək insanların sayı bəlkə də milyonlarla ölçülür. Bakı bulvarının dünyada analoqu yoxdur. Uzunluğu 16 kilometr olan bu bulvarda rahat, geniş gəzinti və velosiped zolaqları var. Digər ictimai yerlər də gözəldir. Yəqin, siz də izləyirsiniz, vaxtilə zəbt edilmiş bəzi torpaq sahələrini biz indi gözəl parklara çeviririk. Yəni, ictimai yer insanlar üçündür”.

Prezident vurğulayıb ki, bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var: “Bu proses davam etdirilir. Bax, bu otellə üzbəüz yerlər vaxtilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi. Eyni mənzərəni biz “Ağ şəhər” bulvarında görürük. Orada da bütün o yerlər ya zəbt edilmişdi, ya da vaxtilə sovet dövründə tikilmiş zövqsüz binalar yerləşirdi. Bu gün o ərazi insanlar üçün açıqdır. Ona görə, Azərbaycana investisiyalar da qoyulur. Bax, budur bugünkü ölkəmiz.

Azərbaycana gələn hər bir qonaq bax, bunu qeyd edir. Dünən Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirildi. Tədbirə minlərlə qonaq gəlmişdi və mənimlə söhbətlər əsnasında onların hamısı Bakı haqqında, Azərbaycan haqqında çox müsbət sözlər dedilər. Dedilər ki, Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilmirdilər. Bu, həqiqətən belədir və gələn ay ölkəmizə gələcək Avropa idmançıları da bunu görəcəklər. Mənə verilən məlumata görə, artıq otelin bütün otaqları sifariş edilib və siz qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti