Aytacı öldürən oğlanla bağlı dəhşətli FAKTLAR

Aytacı öldürən oğlanla bağlı dəhşətli FAKTLAR
  06 May 2015    Oxunub:58645
17 yaşlı Aytac Babayevanın ölümü və bu qətlə imza atan İzzət Hüseynovla bağlı müzakirələr mətbuatda və sosial şəbəkələrdə səngimək bilmir.

Müzakirələr amansız qətlin “qurban”ı və onun “müəllifi” ətrafında davam edir. Təəssüf ki, 17 yaşlı qızın həyatına son qoyan “qəhrəmanı” müdafiə edənlər də az deyil.

Aytacın ailəsi qatilin dar ağacından asılmasını tələb edərək özünə belə təsəlli verməyə çalışır.

Əməkdaşımız İzzət Hüseynovun yaşadığı evə üz tutaraq, onun ailəsinin də fikirlərini öyrənməyə çalışıb.



“İzzət qızı öldürəndən sonra salonda gizlənirdi...”

İlk olaraq getdiyimiz ünvan İzzətin iş yeri oldu. Qanlı qətlin müəllifi olan bərbərin iş yoldaşları və dostları bildirdilər ki, İzzət əslində çox sakit insan olub.

“O, bizim yanımızda işləyirdi. Heç bilməzdik ki, belə bir qətl törədə bilər. Həmin qızla o 4 ilə yaxın sevgili olub. Bir-birilərini sevirdilər”.

İş yoldaşlarının dediyinə görə, İzzət Aytacı öldürdükdən sonra salonda gizlənmək istəyib.

“İzzət qətli törədəndən sonra salona gəlmişdi. Bizə Aytacı öldürdüyünü dedi. Əvvəl inanmadıq, amma əli, üstü qan içində idi. Onun ustası bu qətldən xəbər tutduqdan sonra öz əlləri ilə İzzəti polisə təhvil verdi.

İzzət çox yaxşı oğlan idi. O, işləyib pul qazanırdı. Bir az əsəbi idi, amma dəli deyildi. O, bir neçə dəfə psixoloq yanında olub və müalicə alıb. Amma onun belə bir dəhşətli qətli törədə biləcək qədər qəddar ola biləcəyini bilmirdik”.

İş yoldaşlarının sözlərinə görə, İzzət Aytacsız qala bilmirdi: “Onların internetdə yayılan videoları hər şeyi göstərir. Yəni onlar bir-birilərini dəli kimi sevirdilər. Qız oğlana yox deyib. Buna dözə bilməyən İzzət isə onu qətlə yetirib”.



“İzzət nakam sevginin qurbanı oldu”

Növbəti ünvanımız İzzət Hüseynovun yaşadığı ev oldu. Evə daxil olmamışdan əvvəl İzzətin qonşuları ilə söhbət etdik. Qonşuları da İzzətin nakam sevginin qurbanı olduğunu bildirdilər: “İzzət bizim uşaqlarla böyüyüb. Çox sakit oğlan idi. Heç kimlə işi olmazdı. Dəli də deyildi. Hamı ilə mehriban davranırdı. Onun atası da, anası da yaxşı qonşudurlar. Yazıqlar, bu hadisədən sonra adam içinə çıxa bilmirlər”.

“İzzətin ailəsi Azərbaycandan köçür...”

Qonşuların sözlərinə görə, bu olaydan sonra İzzətin atası Natiq Hüseynov iflic olub, hazırda xəstəxanada müalicə alır, bacıları isə qorxudan evdə qalmırlar.

“İzzətin ailəsi bu olaydan sonra evlərini də tərk ediblər. Atası hadisədən sonra iflic oldu, bədəninin bir hissəsi işləmir. İndi xəstəxanada müalicə alır. Anası da çox yaxşı qadındır. Heç kimlə işi olmaz. Aytacın qətlindən sonra onlar çox pis vəziyyətə düşdülər. İzzətin bacıları qorxudan evdə qalmırlar. Onlar Aytacın qohumlarının hər an hadisə törədəcəklərindən qorxduqları üçün gecə vaxtı evdən çıxdılar. Biz onların Azərbaycanı tərk edərək Gürcüstana getdiklərini eşitmişik.

Oğlunun əməlinə görə atası Natiq çox əzab və stress keçirib. Ürəyi buna tab gətirmədi. Onlar çox çətinliklə yaşayırdılar. Hamı da bilirdi ki, Aytacla İzzət bir-birilərini sevib. Onlar dəli kimi aşiq idilər”.



“Aytacın ailəsi də onların sevgili olduğunu bilirdi”

Qonşuları qeyd ediblər ki, Aytacın ailəsi onun İzzətlə əlaqəsindən xəbərdar olub.

“Ailələrin də bu işdən xəbəri olub. Çünki İzzət bir dəfə qızın atasının önünə çıxıb, Aytacı sevdiyini və onunla evlənəcəyini deyib. Hətta o, Aytac üçün çoxlu hədiyyələr alırdı. 3-4 ay olar ki, onlar ayrılmışdılar. Bu zaman qızın anası oğlanın aldığı bütün hədiyyələri gecə vaxtı İzzətin evinə gətirib qaytarmışdı.

Aytac başqasına ərə gedəcəyini söyləyəndə isə, İzzət dəli olub və onu bıçaqlayaraq qətlə yetirib”.



“Onun qatil olduğuna inana bilmirik”

İzzətgilin ikimərtəbəli evində kirayəşin yaşayan qadınlar da bu olaydan şoka düşdüklərini bildiriblər.

“İzzətin ailəsi çox pis vəziyyətdədir. Onlar indi xəstəxanadadırlar. Deyəsən, birdəfəlik Gürcüstana köçüb gedəcəklər. Biz uzun müddətdir ki, onların evində kirayə qalırıq.
İzzəti həmişə evdə görürdük. O, sakit oğlan idi. Hər gün salamlaşardı, lazım olanda bizə kömək də edirdi.

İzzət evin tək oğludur. Onun iki bacısı var. Bu hadisədən sonra qızlar qorxduqlarından evi tərk ediblər”.

İzzətin nənəsi Güldəstə Hüseynova bu hadisədən çox sarsıldığını, oğlunun ailəsinin dağıldığını deyib: “Allah İzzətin üzünü qara eləsin. Başımızı yerə soxdu. Biz onun belə olduğunu bilmirdik. Yazıq oğlum çıxıb Gürcüstana gedir. Ailəmiz dağıldı. Onlar camaat içinə necə çıxsınlar”.

İzzətin yaxınları əməkdaşımızla həmsöhbət olsalar da fotolarının çəkilməsinə razılıq verməyiblər: “Onsuz da biabır olmuşuq. Xahiş edirik bizim şəkillərimizi çəkməyin”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti