“Azərbaycan müasir dünyada” mövzusunda konfrans - FOTOLAR

“Azərbaycan müasir dünyada” mövzusunda konfrans - FOTOLAR
  07 May 2015    Oxunub:1905
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirilir
AzVision.az-ın məlumatına görə, konfransdan öncə dövlət və hökumət rəsmiləri, millət vəkilləri Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Konfransda çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmağın mümkün olmadığını, Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu söyləyib. O, bildirib ki, YAP hər il ənənəvi olaraq Heydər Əliyevin doğum günü ilə bağlı konfranslar keçirir və builki konfransın mövzusunun “Azərbaycan müasir dünyada” olması təsadüfi deyil:

“Ümummilli lider Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib. Bu, hər bir azərbaycanlının Heydər Əliyevin xatirəsinə, eləcə də, Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. Çünki Heydər Əiyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, ona hörmət və ehtiramını bildirəcək”.

Onun sözlərinə görə, YAP artıq 12-ci ildir ki, ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir: "Bu dəfəki konfransın mövzusunun "Azərbaycan müasir dünyada" olaraq seçilməsi heç də təsadüfi deyil. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Heydər Əliyevin ideayaları, onun adı ilə bağlıdır".

O, bildirib ki, Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Buna baxmayaraq, Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib: "MDB dövlətləri içində BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub. Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət dsahibi olmasından xəbər verir".

Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Heydər Əliyev ziddiyyətli dünyada balanslaşdırılmış siyasət yeritməklə xalqımızın maraqlarını təmin etməyin mümkünlüyünü ortaya qoyub. Onun sözlərinə görə, bu gün Azərbaycan modeli dünyada öyrənilməkdədir.

Onun sözlərinə görə, Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması bir neçə amillə bağlıdır: “Bunlardan birincisi Heydər Əliyev məfkurəsinə söykənən azərbaycançılıq ideyasıdır. Biz Azərbaycanı daha da yüksəkliklərə qaldıracağıq”.

Daha sonra çıxış edənlər vurğulayıb ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində xüsusi yer tutaraq, dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Fatimə Kərimli
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  



Xəbər lenti