Veteranlara avtomobil veriləcək

Veteranlara avtomobil veriləcək
  07 May 2015    Oxunub:3892
1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 70 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov II Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının da misilsiz xidmətlər göstərdiyini vurğulayıb, Azərbaycanın igid oğul və qızlarının ön cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən, xalqımızın arxa cəbhədə fədakar əməyindən bəhs edib.

“Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarını cəmiyyətimizdə ən hörmətli insanlar kimi dəyərləndirərək, onları “xalqımızın qızıl fondu” adlandırıb”, - deyə S.Müslümov bildirib.

S.Müslümov həmin insanlara qayğının ilbəil artdığını, onların dövlət büdcəsi hesabına mənzil və avtomobillə təminatı işlərinə də başlandığını bildirib: “Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sosial inkişaf kursunda Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsi xüsusi yer tutur. 2008-ci ilin sentyabrın 1-dən Böyük Vətən müharibəsi əlillərinə Prezidentinin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği 85%-ə yaxın artırılaraq I qrup əlillər üçün 90 manatdan 150 manata, II qrup əlillər üçün 70 manatdan 130 manata, III qrup əlillər üçün 50 manatdan 100 manata çatdırılıb. Təkcə ötən il bu şəxslərə ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Həmçinin Böyük Vətən müharibəsi iştirakçılarına 2012-ci ilin iyulun 1-dən təyin olunaraq ödənilən Prezident təqaüdünün aylıq məbləği ötən dövrdə 81,8% artırılaraq 55 manatdan 100 manata çatdırılıb”.

S.Müslümov hər il 9 May - Qələbə günü ərəfəsində prezident tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamlar imzaladığını bildirib, bu il də 18 881 nəfərə birdəfəlik maddi yardım ödənildiyini əlavə edib.

“Həmin insanlardan 1 342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır ki, onların hər birinə 800 manat məbləğində birdəfəlik yardım verilib. Bu məbləğ 1941-1945-ci illər müharibəsi iştirakçılarına MDB məkanı üzrə ödənilən birdəfəlik maddi yardımların ən yüksəyidir. Çünki həmin məbləğ Azərbaycan manatı ilə ifadə olunduqda, Belarusda təqribən 740 manat, Rusiyada 138 manat, Qazaxıstanda 570 manat, Özbəkistanda 295 manat və s. səviyyəsindədir”, - deyə nazir vurğulayıb.

Nazir Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına minik avtomobili və mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini, indiyədək ƏƏSMN tərəfindən bu təbəqədən olan 1 075 nəfərin minik avtomobili, 102 nəfərin mənzillə təmin olunduğunu bildirib: “Ötən il 2014-cü ilədək növbəyə dayanmış bütün Böyük Vətən müharibəsi əlilləri, yəni 190 nəfər “Naz-Lifan” markalı minik avtomobili ilə tam təmin olunub. Bu ilin martın 1-inə növbədə olan 120 nəfər Böyük Vətən müharibəsi əlilinin də bu ilin iyul ayında avtomobillə təmin edilməsi nəzərdə tutulur”.

S.Müslümov Böyük Vətən müharibəsi veteranlarının dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində görülən işlərdən də söz açıb: “Sevindirici haldır ki, bu gün nə qədər ahıl olmalarına baxmayaraq, Böyük Vətən müharibəsi veteranları ölkəmizin inkişafı proseslərində fəal iştirak edirlər, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması işlərində öz dəyərli səylərini göstərirlər. Biz onlarla fəxr edir və qürur hissi keçirir, onlara öz dərin hörmət və ehtiramımızı bildiririk”.

AzVision.az


Teqlər:





Xəbər lenti