Kişi soyqırımı

Kişi soyqırımı
  29 May 2013    Oxunub:1754
Emin Piri

Qadın haqları, qadın hüquqları haqqında yazılır, məruzələr edilir, müxtəlif fondlar yaradılır və s. və ilaxır. Bayramları keçirilir, əzizlənir, gender bərabərliyi olsun deyə, yeri oldu-olmadı, irəli salınır. Di gəl, yazıq kişiləri düşünən varmı? Ola bilər, bu yazı sizə adi və məzə xatirinə yazılmış kimi görünsün, amma inanın ki, elə deyil. “Qadın haqları” adıyla kişilər əzilir, istismar olunur.
Kişi söyüş söyə bilməz - həyatından məhrum ola bilər, amma bunu qadın etsə, “qadındı da”, deyib, keçmək lazımdı, yəni ağız verməyəsən, ya da ki `kişi kimi qadındı` deyib, bəziləri “afərin” söyləyəcək.

Kişi sosial şəbəkələrdə erotikadan yaza bilməz, o dəqiqə “camaatın ana-bacısı var” deyə, qınağa məruz qalacaq və sözlə daşlanacaq, amma bunu bir xanım etsə, sadəcə “müasir və liberal görüşlü qadındır” deyə alqışlanmalıdır.

Ədəbi mühitdə kişi açıq-saçıq yaza bilməz, “pozucu” deyə dəyərləndiriləcək, amma bunu yazan xanım olsa adi kitab təqdimatına millət töküləcək. Sual qarşısında isə `bu bir qadın cəsarətidi` deyə nidanı ortaya qoyacaqlar.

Kişi yay vaxtı şortiklə çıxa bilməz. Ən azından “utanmaz” deyə qınanacaq və hətta bəzi küçələrdə bu geyiminə görə “qədeş söhbətləri”nə aparılacaq. Amma qadın nəinki şort, hətta bütün əzaları görünən formada çıxa bilər, çünki o, sadəcə cazibədar bir xanımdı.

Kişi istidən köynəyinin ikinci düyməsini belə aça bilməz, ayıbdı, amma qadın məmələri görünən formada da çıxa bilər. Çünki qadındı.

Kişi dar geyim geyə bilməz `yekə kişisən`,- deyə ikrahla baxılacaq, amma qadın nəinki dar, alt paltarının belə hansı markadan olduğu bilinəcək formada geyinə bilər.

Arada düşünürəm, bu qədər zorlanma hadisəsi varsa, niyə bir kişi də bir dəfə çıxıb qadın tərəfindən zorlandığını demir? İnanın ki, belə hadisələr çoxdur. Sadəcə, utanırlar deməyə. Kişi adını elə istismar ediblər ki, yazıqlar neyləsin, hökmən hər şeydə susmalıdılar.

Kişi torpağını qorumalıdı, torpaq gedibsə, qeyrətsizdi. Sanki onu doğan, süd verib tərbiyələndirən bu sözü deyən qadınlar deyil. Kişi evi dolandırmalıdır, ev almalıdır, ölənə kimi eşşək kimi işləməlidir (bir sual belə verə bilməz. O dəqiqə qadın, `uşaqları dədəm evindən gətirməmişəm` deyə gözünü oyar. Guya kişi uşaqları dədəsi evindən gətirib) və s. və ilaxır. Amma bəzi məsələlərə gələndə “həyat müştərəkfir, bərabərdir” deyə ayağını dirəyəcək. Gəl bu sözə indi döz. Burda deyiblər əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

Bəzi “qadınlar” ədəbi və şou aləmində hansısa kişini sponsor kimi istismar edə bilər, amma kişiyə olmaz. O, hökmən karyera yolunu pişik kimi cırmaqlayaraq yüksəlməlidi.

Kişi adam balası kimi rahat cənnətdə yaşaya bilməz bu dünyada. Hökmən həvvalar peyda olacaq və aldadaraq onlara “cəhənnəmə xoş gəlmisiniz” deyəcək.

Bu sıranı dəfələrlə uzatmaq, genişləndirmək olardı. Bəli, bu, qadınlar tərəfindən istismardır. Təklif edirəm ki, günlərdən biri “kişi soyqırımı günü” olsun. Necə ki, dünyada müxtəlif millətlər üçün soyqırım günləri var. On min illərdir davam edən kişi soyqırımı hətta Holokostdan daha faciəvidi.

Məhz 8 mart kimi bayram demirəm, soyqırım günü. Hansı günlərinə bayram edəcəklər bu kölələr? Hələ azad olsunlar, sonra bayram edərlər.
Kişilərə azadlıq!

Etiraz olaraq birlikdə hayqırmaq da olar: “qaytarın qabırğalarımızı!”


Teqlər:





Xəbər lenti