İcra başçısının oğlu həbs edildi - 5 il 6 ay

İcra başçısının oğlu həbs edildi -  5 il 6 ay
  12 May 2015    Oxunub:4580
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol qəzası törətməkdə təqsiri bilinən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. İlham Əsgərli ən yaxın dostunu itirdiyini bildirib: "Maqsud əmidən çox üzr istəyirəm. Belə olmağını heç istəməzdim. Mən də ən yaxın dostumu itirmişəm". Süleyman Əhlimanov isə məhkəmədə son sözündə günahsız olduğunu bildirib. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə gedib.

Hakimlər kollegiyasının qərarı ilə İlham Əsgərli 5 il 6 ay, Süleyman Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.

Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı İlham Əsgərlinin 6 il 6 ay, Süleyman Əhlimanovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. O, Ə. Qəhrəmanovun idarə etdiyi yük maşınında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış. Hadisə nəticəsində hər iki sürücü yaralanıb. Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.(Lent.az)


Teqlər:  





Xəbər lenti