Oğlu həbs edilən icra başçısı şikayət verə bilər

Oğlu həbs edilən icra başçısı şikayət verə bilər
  12 May 2015    Oxunub:2722
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol qəzası törətməkdə təqsiri bilinən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakimlər kollegiyasının qərarı ilə İlham Əsgərli 5 il 6 ay, Süleyman Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.

Hökmlə əlaqədar olaraq həbs edilən şəxslərin vəkilləri ilə əlaqə saxladıq.

İ. Ələsgərlinin vəkili Bəylər Məmişov hökmlə bağlı müvəkkilinin ailəsi ilə danışıqlar aparacağını bildirib: “Hökmdən Apellyasiya Məhkəməsinə şikayət göndərilməsi ilə bağlı məsələ hələ açıq olaraq qalır. Bununla bağlı müvəkkilimin ailəsi ilə danışmalıyam. Onların razılığı olarsa, hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi göndərəcəyəm”.

Yük maşının sürücüsü S. Əhlimanovun vəkili İlham Musayev isə AzVision.az-a açıqlamasında hakimlərin çıxardıqları hökmdən apellyasiya şikayəti verəcəyini bildirib: “Hökm ədalətsiz olaraq verilib. Biz hökmü alan kimi Apellyasiya Məhkəməsinə şikayət ərizəsi göndərəcəyik”.

Keçən prosesdə dövlət ittihamçısı İlham Əsgərlinin 6 il 6 ay, Süleyman Əhlimanovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. O, Ə. Qəhrəmanovun idarə etdiyi yük maşınında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış. Hadisə nəticəsində hər iki sürücü yaralanıb.

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti