`Azərbaycan bir çox problemlərlə üzləşib` - Məmmədyarov

`Azərbaycan bir çox problemlərlə üzləşib` - Məmmədyarov
  13 May 2015    Oxunub:1985
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO dövlətləri xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxış edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E. Məmmədyarov çıxışında Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsi və iki ölkə arasında münasibətlər barədə danışıb. O, Azərbaycanın İSAF əməliyyatında sonadək əzmlə iştirak etdiyini, əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə yardımı şəklində töhfə verdiyini və bu töhfələrin 2015-ci ilin yanvar ayından başlayan “Qətiyyətli Dəstək” missiyası kontekstində də davam etdiyini deyib.

E. Məmmədyarov Azərbaycanın müstəqillik əldə etdikdən sonra bir çox problemlərlə üzləşdiyini, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar da daxil olmaqla, 20%-dən çox ərazisinin işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün durumuna düşdüyünü qeyd edib. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini xatırladaraq, ikili standartlara əsaslanan yanaşma nəticəsində bu qətnamələrin tələblərinin hələ də icra edilmədiyini vurğulayıb.

Bütün çətinliklərə və təcavüz və işğal faktına baxmayaraq, Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu barədə danışan nazir son on il ərzində ölkədə yoxsulluq səviyyəsinin 49 faizdən 4%-ə qədər düşdüyünü, Ümumi Daxili Məhsulun 3.5 dəfə artdığını və regionun aparıcı dövlətinə çevrildiyini bildirib. O, bütün bunların düzgün siyasi-iqtisadi strategiya və resurslardan səmərəli istifadə nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

E. Məmmədyarov regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu bildirib.

Sonra nazir tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, geostrateji əhəmiyyəti, regiondakı rolu, TANAP və TAP layihələri barədə çoxsaylı suallarını cavablandırıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti