İTV Yayım Şurasının tərkibi dəyişir

İTV Yayım Şurasının tərkibi dəyişir
  13 May 2015    Oxunub:2680
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklilər edilməsi nəzərdə tutulur.
AzVision.az-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsininn mayın 13-də keçirilən iclasında müzakirə olunub.

Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 3 üzvünün - Fuad Muradovun, Namiq Məmmədovun və Zərifə Salahovanın səlahiyyət müddəti başa çatdığı üçün onların yeni şəxslərlə əvəzlənməsi tələb olunur.

Qeyd edək ki, həmin şəxslərin yerinə Sahibkarlar Şurası, Gənclər təşkilatları və Qadınlar təşkilatların tərəfindən hərəsindən iki nəfər olmaqla 6 şəxsin namizədliyi irəli sürülüb.

Sahibkarlar Şurası tərəfindən Vüqar Zeynalovun, İsmayıl Ələkbərovun, Gənclər təşkilatları tərəfindən Mirhəsən Seyidovun, Turqay Həsənəliyevin, Qadınlar təşkilatları tərəfindən isə Sevil Yusifovanın və Ülkər Abdullayevanın namizədlikləri irəli sürülüb.

Sözügedən komitənin sədri Nizami Cəfəriov isə bildirib ki, adıçəkilən qurumda təmsil olunmaq hər bir şəxs üçün fəxr sayıla bilər.

“Qeyd edim ki, İctimai televiziya Azərbaycan teleməkanında özünə yer tuta bilib. Ötən 10 il ərzində o, zəngin təcrübə toplayıb. Azərbaycanın ən sevilən və ən baxılan kanallarından birinə çevrilib. Odur ki, həmin televiziyanın Yayım Şurasında təmsil olunmaq hər kəs üçün fəxr sayıla bilər”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Məsələ müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti