Dövlətimizin başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxdılar. Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov görülən işlərlə bağlı məlumat verdi.
Azərbaycanın artıq 3 ildir fəaliyyət göstərən “Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri 2013-cü ildən Beynəlxalq Velosipedçilər İttifaqının təşkil etdiyi Avropa və Asiya turlarında iştirak edir. Komandanın 12 nəfərdən ibarət üzvü indiyə qədər Xorvatiyada, Fransada və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda uğurlu çıxışlar edib.
Komandanın üzvləri Veloparkda Prezident İlham Əliyevlə görüşərkən ölkədə idmançılar, o cümlədən onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Qeyd olundu ki, komandanın üzvləri bu il mayın 6-10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan” veloyürüşündə də fərqləniblər. Paytaxt da daxil olmaqla ölkəmizin 7 bölgəsini əhatə edən və uğurla başa çatan bu yarışda Aleksandr Surutkoviç “Dağ kralı” köynəyini qazanıb, Matey Müqerli üçüncü yeri tutub. Ölkəmizin ən məşhur velosipedçilərindən olan Maksim Averin isə öz çıxışı ilə Rio Olimpiadasına daha 22 reytinq xalı qazanıb.
Prezident İlham Əliyevi salamlayan Aleksandr Surutkoviç deyib:
-Cənab Prezident, biz idmançılar həmişə Sizinlə fəxr edirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirik. İdmanın bütün növləri kimi, velosiped idmanına da çox böyük dəstək verirsiniz. Çox sağ olun.
Velosipedçiləri qazandıqları uğur münasibətilə təbrik edən Prezident İlham Əliyev qeyd edib:
-Mən sizi qələbə münasibətilə təbrik edirəm. Şadam ki, Azərbaycanda idmanın velosiped növü də uğurla inkişaf edir. Gözəl şərait var, veloparklar yaradılır. “Tour d`Azerbaidjan” artıq beynəlxalq idman yarışı kimi dünyada tanınır. Mən bazar günü “Eurosport” kanalı ilə bu yarışları izləmişəm, çox böyük zövq almışam. İlk növbədə ona görə ki, indi bu yarışlar çox maraqlıdır. Eyni zamanda, Bakının gözəlliyini bir daha bütün dünyaya göstərir. Siz də çox böyük uğur qazanmısınız, komanda hesabında birinci yerə layiq görülmüsünüz.
“Tour d`Azerbaidjan” Azərbaycanın bölgələrində də keçirilir və bizim gözəl, mənzərəli yerlər xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir.
Bakı gözəl şəhərdir. Digər şəhərlərimiz də gözəldir. Siz indi gedib görürsünüz. İnsanlar sizi çox səmimi qarşılayırlar. Əlbəttə, mötəbər yarışda qələbə qazanmaq çox böyük uğurdur. Əminəm ki, siz gələcəkdə də Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcəksiniz.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


