`Cahangir Hacıyev dindirilə bilər`

`Cahangir Hacıyev dindirilə bilər`
  14 May 2015    Oxunub:4201
Son günlər Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib. Həbs edilənlər sırasında “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev, Globus Plaza”nın sahibi Dünyamin Xəlilov, Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov, “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmli və digər iş adamlarının adı hallanır.
Bu həbslərin Beynəlxalq Banka kredit borcuna görə aparıldığı iddia olunur. Bildirilir ki, adları çəkilən iş adamları bankdan götürdükləri küllü miqdarda kredit borclarını verməkdən boyun qaçırıblar. Həmin dönəmdə bankın rəhbəri martın 18-də bu vəzifədən istefa verən Cahangir Hacıyev olub.

Bu həbslərin fonunda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də həbs edilə bilərmi?

Bu suala millət vəkili Fazil Mustafa cavab tapmağa çalışıb. AzVision.az-a açıqlamasında deputat bildirib ki, kredit məsələsi birbaşa bankla müştəri arasında olan problemdir və məhkəmə qaydasında müştərilərin həbs olunması nəzərdə tutula bilər.

Millət vəkilinin sözlərinə görə, oliqarxların həbsi ilə bağlı Cahangir Hacıyev dindirilə, günahı olacağı təqdirdə həbs də edilə bilər: “Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev bu hadisələrə görə dindirilə bilər. Hamı dindirilə və həbs oluna bilər. Amma işin mahiyyətini tam bilmirik. Bəlkə eqanuni şəkildə kredit verilib. Və yaxud da kredit alanların müddəti də tamam olmayıb, göstərilən müddət tamam olanda qaytaracaqlar. Bu baxımdan, heç kimi əvvəlcədən ittiham etmək doğru deyil. Bu prosesin hüquqla əlaqəsi varsa, onda davam etməlidir. Çünki bu sahədə xeyli nöqsanlar, problemlər var.

Əgər həbslər hüquqla əlaqəli deyilsə, siyasi xarakterlidirsə, onda tamam başqa bir şeylər gözləməliyik. Hansı xarakterlə qərar verilməsini söyləməkdə çətinlik çəkirəm. Hüquqi xarakterlidirsə, onsuz da Azərbaycan reallığında hər kəs bilir ki, bankda kredit götürmək hər adamın imkanı daxilində deyil. Müəyyən vasitələr var ki, çox vaxt əvvəlcədən qeyri-rəsmi ödəniş edirlər. Bu kimi problemlər var. O baxımdan bu prosesin nə dərəcədə hüquqla əlaqəli olduğunu dəqiq söyləyə bilmirəm. Hər halda bu faydalıdır ki, ən azından cəmiyyətdə inam olsun ki, dövlət vəsaitini kor-koranə, kefi istədiyi kimi dağıtmaq olmaz. Bu baxımdan bu hadisələrin faydasının olacağını düşünürəm”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti