“Yenidən nazir olmaq istəyərdim...” – Deputatla müsahibə

 “Yenidən nazir olmaq istəyərdim...” – Deputatla müsahibə
  15 May 2015    Oxunub:13754
“Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan?”

AzVision.az saytının “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlıdır.

-Sabir bəy, müsahibəyə ənənəvi sualla başlamaq istərdik. Bildiyimiz kimi, bu il deputatlıq fəaliyyətiniz başa çatır. Geridə qoyduğunuz dövrdə hansı işləri gördünüz? Ümumilikdə millət vəkili olaraq fəaliyyətiniz nədən ibarət oldu?

-Bu 5 ili səmərəli illər hesab edirəm. Parlamentin iclaslarında, müzakirələrdə əvvəllər olduğu kimi fəal olmağa çalışmışam. Bunu jurnalist sorğularının nəticələri də göstərir. Adım demək olar ki, bütün 5 ilin fəal deputatları siyahısında olmuşdur. Mənim üçün bunlar önəmli deyil. Önəmli olan qanun yaradıcılığı ilə, ölkənin ümumi ictimai-siyasi vəziyyəti ilə ümumiyyətlə həyatımızla bağlı demək istədiyim fikirləri parlamentdə səsləndirə bilməkdir. Bu cəhətdən sıxıntı çəkməmişəm. Milli Məclisdə demək olar ki, ürəyimdən keçənlərin əksəriyyətini demişəm. Təəssüf ki, fikirlərimiz çox vaxt elə orada qalır, həyata keçmir.

Bu illərdə seçicilərimdən problemlərlə bağlı xeyli müraciətlər daxil olub. Onların həlli üçün hər zaman çalışıram. Əlimdən gələn köməkliyi etmişəm.

Rayonlarımız inkişaf edir, gözəlləşir. Amma işsizlik problemi qalır. Bölgələrdə iş yerləri açılmalıdır. İnsanlara yaşamaq üçün çörək pulu lazımdır. Gənclərə iş lazımdır.

-Milli Məclisdə tez-tez məmurlara iradlarınızı bildirirsiniz. Çıxışlarınızdan birində demişdiniz ki, nazirlər müraciətlərə cavab vermirlər. Onlar hansı nazirlərdir? Bəlkə adlarını açıqlayasınız…

- Ümumiyyətlə Azərbaycanda dövlət idarələri ilə xalq arasındaki əlaqələrin zəifliyi narahatlıq doğurur. Düzdür, nazirlər rayonlarda qəbullar keçirirlər. O da müəyyən hazırlıqla olur: kimi qəbul etmək olar, kimi qəbul etmək olmaz. Zonalar üzrə qəbul keçirirlər.

Vətəndaş xeyli yol qət edib ora gəlməlidir. Ora gəlməkdənsə, Bakıya gəlsə yaxşıdır.
Düşünürəm ki, görüşlər hər bir rayonda olmalıdır. Qabaqcadan hazırlanan siyahı yığışdırılmalıdır.
Bakıda isə vəziyyət fərqlidir. Nazirlər, onların müavinləri, icra başçıları zənglərə cavab vermirlər. Onların əvəzinə katibələri, köməkçiləri telefonun dəstəyini qaldırır.

Köməkçiləri də deyir ki, sonra sizinlə əlaqə saxlayacağıq. Beş-on gün keçir, heç birindən səs-soraq çıxmır.

Biz millət vəkili olduğumuzdan qapılar üzümüzə açıqdır. Amma, vətəndaş icra hakimiyyətinə gedir, polis onun qabağın kəsir. Sual edirlər ki, niyə gəlmisən? kim çağırıb?

Elə icra başçıları var ki, hər mərtəbəyə mühafizəçi qoyurlar. Halbuki, onların borcu vətəndaşların arasında olmaq və onlara xidmət etməkdir.

Ölkəmizdə yeni yaradılan “ASAN Xidmət” bu baxımdan vətəndaşların işini xeyli asanlaşdırıb. Hər birimiz bu xidmətdən razıyıq. Hesab edirəm ki, “ASAN Xidmət”in xidmət dairəsi daha da genişlənməlidir. “ASAN Xidmət” ölkədə süni surətdə yaranan və yaradılan narazılığın qarşısını ala bilən və dövlətə hörmət gətirən, nüfuzunu qaldıran bir idarədir. Kaş ki, bütün idarələr “ASAN Xidmət” kimi şəffaf işləyə bilərdi.

Xatırlayırsınızsa, ölkə başçısı İlham Əliyev çıxışlarının birində bildirib ki, “mən millətə xidmət edirəm”.

Amma bəziləri özünü bu millətin böyüyü, ağası kimi aparır. Millətə böyüklük etmək yox, ancaq xidmət etmək olar.

-Siz məmurlardan söz açmışkən qeyd edə bilərik ki, 5 il keçsə də hələ də üzünü görmədiyimiz deputat həmkarlarınız da var…

-Elə deputatlar var ki, plenar iclaslarda danışmırlar, amma kənarda iş görürlər. Məsələn, Elxan Süleymanovun adını çəkə bilərəm. Bilirəm ki, o seçildiyi Şamaxı üçün, həmçinin ölkə üçün xeyli iş görür. Belə deputatlar var. Amma bəziləri də var ki, danışmırlar və heç bir iş də görmürlər. Bu, artıq elə məsələdir ki, onlar özü bunu cavablandırmalıdır.

-Sabir bəy, parlament seçkilərində növbəti dəfə namizədliyinizi irəli sürəcəksinizmi? Bu barədə nə deyə bilərsiniz?

-Buna mən yox, partiya qərar verməlidir. Partiyanın qurultayı olacaq. Orada buna qərar veriləcək. Düzü hələ ki, bu haqda düşünürəm.

-Sizcə, növbəti seçkilərdən sonra Milli Məclisin tərkibində dəyişiklik olacaqmı? Yəni, bu gözləniləndirmi?

-Əlbəttə, dəyişiklik olacaq.Əslində parlamentdə 125 deputat o qədər də çox deyil. Əhalisinin sayı bizdən az olan ölkələr var ki, deputatlarının sayı bizdən xeyli çoxdur. Mən deputat sayının artırılmasının o qədər də tərəfdarı deyiləm. Amma keyfiyyət elə olmalıdır ki, 125 deputat bütün işləri çatdıra bilsin. Ölkəmizin beynəlxalq əlaqələri günü-gündən genişlənir. Dünya ölkələri ilə parlamentlərarası qruplar yaranır. Beynəlxalq qurumlarda bizi təmsil edən layiqli deputatlar olmalıdır. Deputatların hər biri işgüzarlığı nəzərə alınmaqla seçilsə, yaxşı olar. Düşünürəm ki, növbəti parlament seçkisində bu nəzərə alınacaq.

-Parlamentin tərkibi bir qədər gəncləşməli deyilmi? Dünya təcrübəsi ilə müqayisədə deputatlarımızın çoxu yaşlı nəslin nümayəndələridir.

-Bunu problem kimi görmürəm. Cavan adam var ki, düşüncəsinə, ruhuna görə çoxdan qocalıb. Milli Məclisdə gəlib, elə-belə oturur, heç bir iş də görmür. Cavanlığı ancaq yaşında və görkəmindədir. Ruhunda cavanlıq yoxdur. Yaşlı deputat da var ki, o cavanlardan daha artıq iş görür.

-Bəzi həmkarlarınız şəxsi biznesləri olsa da bunu mətbuatdan gizlədirlər. Sizin necə, şəxsi biznesiniz varmı?

-Nə öz adıma, nə də başqasının adına biznesim var. Mənim biznesim qələmim, kitablarımdır.
Vaxtilə mətbuat naziri olmuşam və buna imkanlarım olub. Bakıda bu qədər kitab mağazaları əlimdə olub. Bu məsələdə idealistəm. O zaman kitab dükanlarını millət üçün qorunmağının vacibliyini düşünürdüm. Kitab dükanlarının heç birinin satılmağına imkan vermirdim. Hər kəs biznesi keçdiyi yola uyğun qurur. Mənim işim kitab idi. Bizneslə məşğul olmaq mənim işim deyil.
Nazir işləyən vaxt təkliflər də var idi. Fikirləşdim ki, ayrı bir təyinatla doğulmuşam. Bizneslə məşğul olsam, öz təyinatımdan uzaqlaşaram. Buna görə narahat deyiləm və içimdə heç bir sıxıntı da yoxdur. Ömrü boyu aza qane olub, sadə yaşamağa öyrənmişəm.

-Bəs, deputat maaşınız sizi qane edirmi?

-Camaatla müqayisədə deputatların maaşı yaxşıdır. Bir az artım olan kimi mətbuat onu tez hallandırır. Deputatların da maaşı ölkənin insanlarının maaşı ilə paralel artmalıdır. Bizdən qat-qat ağır şəraitdə yaşayan bir sıra ölkələr var ki, biz onlardan iki-üç dəfə az maaş alırıq. Ona görə də bəzən xarici həmkarlarımızla görüşəndə, onlara maaşımızı deməkdən çəkinirik.

-Bu yaxınlarda oğlunuz nəqliyyat naziri tərəfindən yüksək vəzifəyə təyin olundu. Bu haqda müxtəlif söz-söhbətlər gəzirdi. Bildirildi ki, oğlunuzun vəzifəyə gətirilməsi nazir Ziya Məmmədovla qohumluğunuzdan irəli gəlir…

- Diqqətlə araşdırsaq Azərbaycanda hamı bir-birinin qohumudur. İndi neyləyək, uşaqlarımız heç yerdə işləməsinlər?

-Nəqliyyat naziri Ziya Məmmədovla əvvəlcədən əlaqələriniz var idimi? Yoxsa qohum olanda sonra münasibətlər daha da dərinləşdi?

-Ziya müəllimi çoxdan tanıyıram. O, işgüzar, gecə-gündüz çalışan nazirlərdən biridir. İşi də göz qabağındadır. Qohum olmağa gəlincə, onun qardaşı ilə qohum olmuşuq.

Güman edirəm ki, bu işin qohumluğa aidiyyatı yoxdur. Ziya müəllim tələbkar bir adamdır və layiq olmayan birini vəzifəyə gətirməz.

-Ziya müəllimlə şəxsi münasibətiniz necədir, tez-tez görüşə bilirsinizmi?

- Biz ancaq dövlət tədbirlərində görüşürük. İldə bir və ya iki dəfə. Xüsusi görüşlərimiz olmur.

-Qardaşlarınız da cəmiyyətdə kifayət qədər tanınmış şəxslərdir. Onlara köməyiniz dəyirmi, ümumiyyətlə münasibətləriniz necədir?

-Qardaşlarımdan biri "Qanun" nəşriyyatında işləyir. İşi göz qabağındadır. Məndən kiçik qardaşım Mədət Rüstəmxanlı Bakı Mexaniki Tökmə zavodunda baş mühasibdir. O, Azərbaycanda ən yaxşı mühəndislərdən biridir. Bu sahədə 40 illik təcrübəsi var. Vaxtilə ona icra hakimiyyətində iş təklif etdilər, amma razı olmadı. Dedi mühəndisəm və öz işimlə məşğul oluram. İndi səhv etmirəmsə, o zavod fəaliyyətini dayandırıb. Mənim üçün əsas olan qardaşlarımın, övladlarımın harda işləməsi yox, mənəvi rahat olmasıdır.

-Yenidən qayıdaq Milli Məclisə. Deputat həmkarlarınızla əlaqələriniz necədir? Dostluq etdiyiniz millət vəkilləri varmı?

-Meydan hərəkatından bir yerdə olduğum həmkarlarımla yaxşı əlaqələrimiz var. Fazil Mustafa, Qüdrət Həsənquliyev, İlyas İsmayılov, İqbal Ağazadə...

Və təkcə parlamentdə yox, həyatda da ən yaxın dostlarımdan biri İsa Həbibbəylidir. Aspiranturada bir yerdə təhsil almışıq. Elmira Axundova, Aqil Abbas sevdiyim yazıçı həmkarlarımdır. Milli Məclisdə olan qələm adamları ilə də sıx əlaqələrim var. YAP- çı və bitərəf deputatlar arasında da xətrini istədiyim adamlar çoxdur. Bu cür deyib, kiminsə xətrinə dəymək istəmirəm. Ola bilər yadıma düşməyənlər olsun. Dost odur ki, tez-tez görüşəsən. 40 ildən çoxdur daimi görüşdüyüm İsa Həbibbəyli, Fəzail İbrahimli və Rafael Hüseynovdur.

-Sabir bəy, vaxtilə müxalifətin aparıcı üzvlərindən idiniz. İndiki müxalifətlə əlaqələriniz necədir?

-Normal münasibətlərimiz var. Hesab edirəm ki, bütün qüvvələr milli məsələlərdə bir olmalıdır. Fikir müxtəlifliyi insanları düşmənə çevirməməlidir.

-Bu yaxında iqtidarla müxalifət arasında növbəti dialoqun keçiriləcəyi gözlənilir. Ümumiyyətlə, bu yaxınlığı necə qiymətləndirirsiniz?

-Belə görüşləri yüksək qiymətləndirirəm. Əvvəl də bu cür görüşlər keçirilirdi. Səmərəli bir işdir. Bu, Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyini, milli birliyi gücləndirmək istiqamətində atılan addımdır. İqtidar da, müxalifət də bir çox məsələlərdə eyni narahatçılığı paylaşır.

- Son illər ölkəmizdə yüksək vəzifələrdə bir neçə kadr dəyişikliyi həyata keçirilib. Buna misal olaraq, təhsil naziri, müdafiə nazirini və digərlərini misal göstərmək olar. Necə düşünürsünüz yenidən belə kadr dəyişiklikləri olmalıdırmı? Hansı nazirlər dəyişdirilə bilər?

-Kadr dəyişikliyi təbii prosesdir və davam edəcək. Kaş yeni gələn nazirlər özündən əvvəlkilərin atasına rəhmət oxutdurmasınlar.

Müdafiə naziri Zakir Həsənov çox uğurlu seçimdir. Orduda hər keçən gün nizam-intizam, səliqə-səhman artır. Çox ciddi dəyişikliklər var. İndi ordu haqqında daha ürəklə danışılır. Zakir Həsənov əsl peşəkardır. Bu baxımdan, deyə bilərəm ki, istənilən məmuru əvəz edə biləcək yeni kadrlar var və dəyişiklik olmalıdır.

-Sabir bəy, deputatlıqdan əlavə yüksək vəzifə gözləyirsinizmi? Bundan sonra hansı vəzifədə çalışmaq istərdiniz?

-Vaxtilə Mətbuat və İnformasiya naziri olmuşam. Zəngin təcrübəm var. Gizlətmirəm bir çox humanitar sahələr var ki, nazir, baş nazirin müavini səviyyəsində ürəklə, çox böyük nəticə ilə işləyə bilərəm. Amma heç nədə gözüm yoxdur. Vaxtilə həm nazir, həm də millət vəkili idim. Mərhum Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan? Bildirdim ki, yalnız parlamentdə qalmaq istəyirəm. Bunu heç kim özünü reklam və təklif kimi başa düşməsin. Sadəcə, lazım olarsa, istənilən sahədə xeyir verə bilərəm və indikilərin çoxundan artıq fayda verə bilərəm.

-Belə fikirlər var ki, Sabir müəllim əvvəllər daha sərt çıxışlar edirdi. İndi bu çıxışlar bir qədər səngiyib.

-Son kitablarımdan birinin adı “Dərdə əyilmə”dir. O kitabı vərəqləyən adam görər ki, bizim həyatımızın son 25 ildə elə bir sahəsi yoxdur ki, o barədə fikir deməyim. Bütün sahələrdə yazmışam və danışmışam. Bir şeyi dəfələrlə təkrar etməyə ehtiyac qalmır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti