17 rayonda kənd adları dəyişdirilir

17 rayonda kənd adları dəyişdirilir
  15 May 2015    Oxunub:3233
Azərbaycanın 17 rayonunun bəzi kəndlərinin adları dəyişdirilir.
AzVision.az xəbər verir ki, Milli Məclisinin Regional məsələlər komitəsinin mayın 15-də keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirə olunub.

Komitə sədri Arif Rəhimzadə bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinin uzun müddətə formalaşdığını deyib.
"Belə ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi ilə bağlı yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən müraciətlər daxil olub, sonra həmin müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanılıb və axırda bizə belə bir qanun layihəsi göndərilib.

Onu da deyim ki, bununla bağlı Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb".
Onun sözlərinə görə, qanun layihəsinə əsasən bəzi kənd adlarının tamam, həmçinin, təkrarlanan eyniadlı kənd adlarının və bəzi inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi təklif olunur:

"Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarıın tərkibindəki 30-dan artıq kəndi və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur".

Deputat Fəzail İbrahimli müzakirəyə çıxarılan məsələni dəstəklədiyini bildirərək, ideoloji xarakter daşıyan, mənası heç kimə bəlli olmayan kənd adlarının dəyişdirilməsinin vacib olduğunu söyləyib.

Deputat Rüstəm Xəlilov da qanun layihəsinə müsbət yanaşdığını eyni zamanda gələcəkdə bəzi rayonlarda eyniadlı bir neçə kəndin adının dəyişdirilməsinin də vacibliyini söyləyib.
Məsələ müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti