Prezident və xanımı “Bulvar Hotel”in açılışında - Fotolar

Prezident və xanımı “Bulvar Hotel”in açılışında - Fotolar
  15 May 2015    Oxunub:6562
Mayın 15-də Bakıda “Bulvar Hotel” istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, bu, “Absheron Hotel Group”a daxil olan dördüncü oteldir. Ağ Şəhərdə yerləşən yeni otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.

Dövlətimizin başçısı və xanımı otelin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

X X X

Otelin kollektivini salamlayan Prezident İlham Əliyev dedi:

- “Bulvar Hotel”in açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Otellə tanış oldum, çox gözəl oteldir, ən müasir səviyyədə tikilib. Xarici görünüşü, daxili dizaynı ən yüksək səviyyədədir. Bu, Azərbaycanın, bəlkə də bölgənin ən böyük otelidir. Belə böyük otelin tikintisi əslində onu göstərir ki, Azərbaycana gələn qonaqların sayı gündən-günə artır. Baxmayaraq ki, son iki-üç il ərzində Bakıda 10-a yaxın müasir otel istifadəyə verilib, ən böyük otelin tikintisinə də ehtiyac var idi.

Otelin yerləşməsi də çox gözəldir. Ağ Şəhər bulvarında yerləşir. Bu da yenilikdir. Çünki bildiyiniz kimi, bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zövq oxşamayan digər tikililər olmuşdur. İndi isə bütün bu ərazi ictimai zona, bulvarın davamı kimi Bakının sakinlərinin sərəncamına verilir.

Ağ Şəhər bulvarı nadir bir memarlıq əsəridir, əslində Bakı bulvarının davamıdır. Bu gün Ağ Şəhər bulvarı, köhnə bulvar, yeni bulvar, Bayraq Meydanı bulvarı və Bayıl bulvarı vahid bir kompleks təşkil edir. Uzunluğu isə 16 kilometrə bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, 100 il bundan əvvəl salınmış Bakı bulvarının uzunluğu cəmi 3,5 kilometr olub. Yəni, bütün bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zavodlar, hərbi təyinatlı müəssisələr var idi ki, onlar köçürüldü və bu gün dünya miqyasında Bakı bulvarı kimi ikinci gözəl yer, ikinci gözəl bulvar yoxdur. Çox şadam ki, yeni yaranan Ağ Şəhər bulvarında “Bulvar Hotel” tikilib və istifadəyə verilir. Bu, bir daha onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Ölkəmiz öz qapılarını bütün qonaqlarının üzünə açmışdır. Bakıya gələn turistlərin sayı artıq milyonlarla ölçülür. Əminəm ki, Avropa Oyunlarından sonra gələn qonaqların sayı daha da artacaq. Çünki Bakı gözəl şəhərdir. Mənim fikrimcə, dünyanın ən gözəl şəhəridir, bunu indi demək olar. Şəhərimizə gələn hər bir qonaq qeyd edir ki, Bakıdan getmək istəmir, yaxud da çalışır ki, sonra Bakıya qayıtsın. Çünki şəhərimizin tarixi memarlığı, ab-hava, təhlükəsizlik, yüksək xidmət sahələri, müasir otellər, istirahət zonaları əlbəttə ki, qonaqları cəlb edir. Ancaq biz Bakıda görülən işləri, ilk növbədə, Azərbaycan vətəndaşları, onların rahatlığı, istirahəti üçün edirik. Bu gün Bakı sakinləri bütün bu gözəl imkanlardan istifadə edirlər.

Bir daha demək istəyirəm ki, bölgənin, regionun ən böyük otelinin Bakıda tikilməsi, xüsusilə son illər ərzində “Hyatt”, “Sheraton” “Four Seasons”, “Marriott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, nəhayət, “İnturist” - bütün bu otellər tikiləndən sonra yenə də böyük otelin inşası inkişafımızın ən gözəl göstəricisidir. Mənə verilən məlumata görə, burada 700-dən çox iş yeri açılıbdır ki, onların əksəriyyəti Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Bu da çox gözəl əlamətdir. Həm yüksək maaş verilir, həm də ki, insanlar işlə təmin olunurlar. Görürəm ki, işləyənlərin əksəriyyəti gənclərdir və burada artıq gözəl təcrübə toplamısınız. Əminəm ki, gələcəkdə daha da yüksək vəzifələrdə çalışacaqsınız. Sizi bir daha ürəkdən salamlayıram və sizə uğurlar arzu edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Qalereya




Teqlər:  





Xəbər lenti