“Hacı İbrahimə və Piriyevə pul verə bilmərik...”

  15 May 2015    Oxunub : 7097
“Hacı İbrahimə və Piriyevə pul verə bilmərik...”
“Biz Hacı İbrahim Nehrəmli və Nizami Piriyevin Beynəlxalq Banka olan kredit borclarını ödəyə bilmərik”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycanda ilk borc agentliyi olan Baku Collecting Agency (BOA) MMC-nin direktoru Samir Mustafayev bildirib.

Agentlik rəhbəri küllü miqdarda kredit borcu olan iş adamlarına müraciət edəcəkləri təqdirdə belə kömək edilməyəcəyini deyib.

“Mən banklara borcu olan şəxslər barəsində atılan addımları dəstəkləyirəm. Borc götürülübsə, mütləq geri qaytarılmalıdır. Bu həbslər bankdan kreditlər götürüb, geri qaytarmayanlara böyük bir dərs olacaq”.

S.Mustafayev kredit qalmaqalında adı hallanan Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq etmədiklərini qeyd edib: “Bizim şirkət borclulara və banklara dəstək olmaq üçün yaradılıb. Onlar arasında dəstəkverici qurumuq. Borclu borcunu geri qaytara bilmirsə, biz həmin bankdan onun borcunun silinməsini, bağışlanılmasını xahiş edə bilərik. Hər bir halda biz vətəndaşın banka olan borcunu ödəməsi üçün köməklik etməyə çalışırıq. Biz çox böyük məbləğdə kreditləri ödəmirik. Maksimum 20-30 min manata yaxın avtokreditləri banka ödəyə bilərik.

Agentliyimizə hər hansı bir oliqarxdan banka olan yüksək məbləğdə kredit borcunu qaytarmaq üçün müraciət daxil olmayıb. Hazırda 4-ə yaxın bankla əməkdaşlıq edirik”.

Qeyd edək ki, Baku Collecting Agency (BOA) MMC 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyidir. "BOA" kollektor agentliyinin iki təsisçisi var. Təsisçilər İlkin Qəribli və Rüstəm Hacıyevdir.

İlkin Qəribli “Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. O, bir neçə ay öncə poker yarışında 1 milyon dollar qazanması ilə gündəmə gəlmişdi. BOA agentliyinin həmtəsisçisi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur.

Xatırladaq ki, BOA Kollektor Agentliyi 2012-ci ildə fəaliyyətə başlayıb.

Hafiz Əhmədov

Teqlər: