`ABŞ və Avropa Azərbaycandakı sabitliyi pozmaq niyyətindədir`
Bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov təəssüf hissi ilə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi: "Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasi və iqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundu və s. əhəmiyyətli hadisələr baş verdi".
Ə.Həsənov qeyd edib ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir: "Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq".
Prezident köməkçisinin sözlərinə görə, son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaratmışdır: "Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər".
O, qeyd edib ki, son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər: "Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər”.
AzVision.az