Bakı yol polisindən sürücülərə- Çağırış

Bakı yol polisindən sürücülərə- Çağırış
  16 May 2015    Oxunub:1924
Bakı yol polisi sabah Avropa Oyunlarının bir gününü canlandırmaqla, ilk Oyunlar zamanı əməliyyatlara hazırlığın sınaqdan keçiriləcəyi ilə əlaqədar sürücülərə şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edir.
AzVision.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, mayın 17-də Avropa Oyunlarında müxtəlif idman növləri üzrə keçirilən yarışlar istiqamətində avtomobillərin hərəkəti ilə bağlı təlim məşqlərinin keçirilməsi nəzərdə tutulur.

Bölmə rəisi qeyd edib ki, yol polisi paytaxt sakinlərinə, sürücülərə qeyd edilmiş marşrutlar üzrə çəkilmiş Avropa Oyunları xətləri boyunca Oyunlar üçün ayrılmış avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edir: "Yəni metronun "Koroğlu" stansiyasının yanından - Atletlər kəndindən Ziya Bünaydov prospekti boyunca, "20 Yanvar" dairəsi, "Şamaxinka"dan keçməklə Biləcəri enişi, Avtovağzal ərazisi,

Stend Atıcılığı İdman Kompleksinin ərazisindən keçməklə 3-cü kənar dairəvi yolla Bakı-Salyan yolunun 14-cü kilometrliyi və həmin yolla Bayraq meydanı, Azneft dairəsi, Atatürk prospektindən metronun "Gənclik" stansiyası istiqamətinə, Tbilisi prospektində təlimlər keçiriləcək və bu marşrutlar üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi tövsiyə olunur".

Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Bu, iyunun 12-də start götürəcək ilk Avropa Oyunları üçün Bakı 2015-in hazırladığı əməliyyat proqramlarının sınaqdan çıxarılması ilə bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti