Rusiyada məmurlara `yaşıl işıq`, Azərbaycanda isə...
Bu günlərdə Rusiya Dövlət Duması antikorrupsiya qanunvericiliyinə əlavələr edərək nazirlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağasını aradan qaldırdı. Belə ki, bu qadağanın ləğv olunması ilə nazirlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilib.
Yeni qanuna əsasən hökumət üzvləri biznes fəaliyyəti ilə şəxsən və ya qəyyum etdikləri şəxslər vasitəsi ilə məşğul olmağa, həmçinin, təşkilati-hüquqi formasından asılı olmayaraq, təsərrüfat subyektlərini idarəçiliyində iştiraka imkan verir.
Qonşu Rusiyada olduğu kimi Azərbaycanda məmurlara bizneslə məşğul olmağa icazə verilə bilərmi?
Millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bunun üçün ilk növbədə şərait olmalıdır.
Deputatın sözlərinə görə, məmurlara biznes icazəsi verilməsi üçün ölkəmizdə deklarasiya sistemi fəaliyyət göstərməlidir: “Əsas odur ki, gizli heç nə olmasın və aşkarlıq prinsipi olsun . Ondan sonra bəlkə buna getmək olar. Amma indiki zamanda bunun üçün tam şərait yaranmayıb. Son günlərdə hadisələrin hansı formada cərəyan etdiyini görürsünüz. Bunun üçün ilk növbədə əmlakın, vəsaitin deklarasiyası və maliyyə aministiyası getməlidir. Bunun üçün müəyyən mərhələlər keçilməlidir ki, ondan sonra buna icazə verilə bilər. Birdən-birə bu qadağanın aradan götürülməsinin tərəfdarı deyiləm”.
Milli Məclisin digər üzvü Fazil Mustafa isə Azərbaycanda məmurların bizneslə məşğul olmasına qoyulan qanuni yasağı aradan qaldırılmalı olduğunu deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda bütün məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğuldur: “Orta səviyyədə məmurların buna imkanı yoxdur. İmkanı olan öz adı ilə deyil, başqasının adı ilə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qanundakı məlum qadağa faktiki olaraq işləmir, hüququn buna müdaxilə eləmək imkanı yoxdur. Faktiki real həyatda məmurlar bizneslə məşğuldurlar. Ona görə də, məncə, bunu hüquqa uyğunlaşdırmaq, leqallaşdırmaq daha düzgün olardı ki, hər kəsin nəyi var ortaya çıxsın, hər kəs real məşğul olduğu işlə məşğul olsun və başqasının adı ilə bunu etməyə də gərək qalmasın.
Onsuz da tutanda hamının nəyi var əlindən alırlar, onsuz da bilinir ki, kimin harda nəyi var. Çox az şeyi gizlətmək mümkün olur”.
F.Mustafa hesab edir ki, iş adamlarının dövlətdən gizlətdikləri gəlirləri üzə çıxanda onların işi daha da ağırlaşır.
“Ona görə də qanundakı o qadağanı aradan qaldırıb, məmurların sahibkarlıqla məşğul olmasını qanuniləşdirmək lazımdır. Qoy, adamlar rahat biznesləri ilə məşğul olsunlar, nələrisə gizlətməsinlər. Onsuz da qanunda qadağanı saxlamaqla məmurların bizneslə məşğul olmasının qarşısı alınmır, əksinə, qanundan kənar fəaliyyət genişlənir. Qadağanı aradan qaldırmaqla yanaşı maliyyə amnistiyası da vermək lazımdır ki, çirkli pullar məsələsinə son qoyulsun, hər kəs sıfırdan başlasın. İndiki halda hər obyektin arxasında bir yüksək çinli məmur durmadan o obyektin işləməsi problemlidir. Qanundakı qadağanı ləğv etməklə yanaşı, müəyyən müddəalar əlavə etmək olar ki, bu yasağın aradan qaldırılmasından məmurlar sui-istifadə edən addımlar atmasınlar. İndiki reallıqlar, hesab edirəm ki, bunları diktə edir. Hüquqi dövlət qurandan sonra bu məsələlərdə tənzimləmə aparmaq olar. Amma biz axı hüquqi dövlət qurmaqdan daha başqa fərqli şeylər, reallıqlar ortaya qoymuşuq. Yəni bunu nəzərə almalıyıq”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


