Rublun bahalaşmasının azərbaycanlılara təsiri
Artıq bir dollar 49 rubla gədər ucuzlaşıb. Ancaq milli valyutanın bahalaşması heç də ölkədəki iqtisadi böhranın başa çatdığı anlamına gəlmir. Elə buna görə də ticarətdə hələlik diqqət çəkən bir canlanma yoxdur. Bu isə daha çox Rusiyada ticarətlə məşğul olan həmvətənlərimizi narahat edir.
Ticarətçi Elçin Nəcəfovun sözlərinə görə, dekabr ayından bəri ticarət çox zəifləyib:
“Demək olar ki, bazar ölüb. Gözləyirdik ki, yaz aylarında vəziyyət yəgin ki, yaxşı olar. Ancaq rus rublunun kursu bir balaca düzəldisə də, işlərimizdə elə bir güclü irəliləyiş yoxdur. Yəni elə bir xeyir görə bilmirik”.
Moskvadakı iş adamlarımız da Rusiyadakı mövcud iqtisadi vəziyyətin kapital qoyuluşu üçün əlverişli olmadığı qənaətindədirlər.
Rusiyada iqtisadi böhranın baş verdiyini deyən iş adamı Elçin Cəlalov böhranın onları çox qorxutduğunu deyib:
"Bu, əvvəlki böhranlara bənzəmir. Ona görə ki, rus rublu bahalaşır, ancaq krizis isə heç də aradan qalxmır. Biz hansı sahədə yatırım qoysaq da özünü doğrultmur”.
Rusiyada böhranın nə qədər davam edəcəyi isə hələ bilinmir. Hökumətin proqnozuna görə, böhrana iki illik ömür verilsə də, bəzi ekspertlər bu durumun 10 ilə qədər sürə biləcəyini deyirlər.