Səhiyyə Nazirliyindən rəsmi yanğın açıqlaması

Səhiyyə Nazirliyindən rəsmi yanğın açıqlaması
  19 May 2015    Oxunub:6428
Səhiyyə Nazirliyi Bakıdakı binada baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olub.

Məlumatdan dərhal sonra hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.

***
Bakının Binəqədi rayonunda baş verən güclü yanğın zamanı 2 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuar xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. O, qeyd edib ki, dünyasını dəyişənlərdən biri azyaşlıdır:

“Hazırda xəsarət alanlardan 7-si 1 saylı Kliniki Tibbi Mərkəzində, qalanları isə başqa xəstəxanalardadırlar. 5 nömrəli Yanıq Mərkəzi, Toksikologiya şöbəsi tam hazır vəziyyətə gətirilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev və müavini Oqtay Şahverdiyev hadisə yerindədir. 30 -ya yaxın Təcili Tibbi Yardım maşınları hadisə yerinə cəlb olunub”.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti