“FHN əməkdaşlarına Qəhrəman adı verilməlidir”

“FHN əməkdaşlarına Qəhrəman adı verilməlidir”
  20 May 2015    Oxunub:16258
“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ötən gün Bakıda baş verən yanğın zamanı əsl fədakarlıq göstərdilər. Onlar canlarını fəda edərək insanları xilas etdilər”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Deputat qeyd edib ki, həmin şəxslər şücaətlərinə görə, təltif olunmalıdırlar: “FHN əməkdaşları öz geyimlərini, əleyhqazlarını verərək insanları xilas ediblər. Bu zaman onların qolları yanıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. FHN əməkdaşları orada fədakarlıq göstərməsəydilər, hamı yana bilərdi. Onların bu əməllərini çox yüksək qiymətləndirmək lazımdır. Dövlət FHN əməkdaşlarının əməyini qiymətləndirməlidir”.

A.Abbas hadisənin təxribat olması ilə bağlı iddialara da münasibət bildirib: “Hadisənin təxribat olub-olmaması hələ bilinmir. Hüquq-mühafizə orqanları tərəfindən bununla bağlı araşdırma aparılır. Dünən öz geyimini, əleyhqazını insanlara verib, onları xilas edən adama dövlət tərəfindən “Qəhrəman” adı verilməlidir. Çünki onlar bizdən ötrü öz canlarını qurban verirlər. Hər kəsin bunu etməyə gücü çatmaz. Heç kəs özünü ölümün qucağına atıb, basqasını xilas edə bilməz”.

Millət vəkilinin fikrincə, bu məsələdə FHN rəhbərliyinin rolu danılmazdır: “Çünki həmin qəhrəman insanları rəhbərlik seçib, işə götürüb. Dünən hadisə yerində helikopterlər də operativ formada xidmət göstəriblər. Onların əziyyətlərini də qiymətləndirmək lazımdır”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti