Elmira Süleymanova yanğından xəsarət alanlara baş çəkib
Zərər çəkmiş Rəhilə Ələkbərova, Günay Məhərrəmova, Nərminə Həsənova, Şahnaz Yəhyayeva, Nigar Yəhyayeva Bilal Rəsulov, Elvira və Səbinə Manafovalar və digər xəstələr müalicənin normal aparıldığını, həkimlərin onlara qayğı ilə yanaşdığını, keyfiyyətli qida və zəruri dərman preparatları ilə təmin olunduqlarını söyləyiblər.
Müvəkkil anaları ilə birlikdə müalicə alan azyaşlı uşaqlar - Rəsul Muradov, Leyla və Sevil Yəhyayevlarla da görüşüb.
Ombudsman zərərçəkmişlərin səhhətini, vəziyyətini nəzarətdə saxlamağı toksikologiya şöbəsinin müdirinə tövsiyə edib. Şöbə müdirinin verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti stabildir, onlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstəxanalarda olan yaralıların həyatı üçün təhlükə yoxdur.
Ombudsman bu tibb müəssisəsində xəstələrə verilən yeməklərin keyfiyyəti ilə tanış olub. Qida rejiminə riayət olunduğunu, onlara keyfiyyətli və kalorili qida məhsulları, meyvə-tərəvəz verildiyini müşahidə edib.
E. Süleymanova 6 saylı Bakı şəhər Xəstəxanasında da olub. O, burada müalicə alan zərərçəkmiş, 1996-cı il təvəllüdlü Ülvi Sadıqova baş çəkib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan gənc hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.
Xəstəxananın baş həkimi Nəriman Məmmədov xəstənin orta-ağır vəziyyətdə tibb müəssisəsinə gətirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


