“İlham Əliyev Riqaya ona görə getmədi ki...” - ŞƏRH

“İlham Əliyev Riqaya ona görə getmədi ki...” - ŞƏRH
  21 May 2015    Oxunub:4301
Prezident İlham Əliyev Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin sammitində iştirak etməyəcək.

Bu barədə açıqlama verən prezident köməkçisi Əli Həsənov bildirib ki, bunun səbəbi I Avropa Oyunlarının başlanmasına çox az vaxt qalması və bu tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafikinin həddən artıq sıxlaşdırılmasıdır.

Digər səbəblərdən biri kimi isə Avropa İttifaqının Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və ölkəmizdə qarşı təzyiqlər göstərilir.

Bəs politoloqlar nə düşünür?

Mövzuya münasibət bildirən politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Azərbaycan əleyhinə apardığı kampaniya prezidentin sammitə qatılmamasının səbəblərindəndir: “Prezidentin sammitə getməməyinin bir səbəbi də Avropa İttifaqı ilə münasibətlərin gərgin olmasıdır. Çünki Avropa dayanmadan Azərbaycanın və ölkədə baş tutacaq Avropa Oyunlarının əleyhinə təbliğat aparır. Hətta bəzi dairələr Avropa Oyunlarını boykot etməyə çağırır”.

Politoloq vurğulayıb ki, bu sammitdə Azərbaycan üçün taleyüklü məsələ müzakirəyə çıxarılmayacaq: “Bu dəqiqə bizim üçün ən əhəmiyyətli məsələ Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməkdir. Prezident də çox doğru hərəkət edib və diqqətini Avropa Oyunlarına yönəldib”.

Digər politoloq Fikrət Sadıqov isə hesab edir ki, Avropa İttifaqının Azərbaycana qarşı mövqeyinə adekvat cavab verilməlidir: “Rəsmi cavab prezidentin iş qrafikinin gərgin olmasıdır. Hazırda Avropa Oyunlarına hazırlıq bizim gündəliyimizdə olan əsas məsələdir. Biz bu məsələ ilə dövlət başçısı səviyyəsində ciddi məşğul oluruq. Avropa Parlamenti son zamanlar bizə qarşı çox qərəzli və neqativ mövqe tutur. Bizi ən çox narahat edən odur ki, Ermənistanın Avrasiya İttifaqına girmək fonunda onlara qarşı hər hansısa tənqid səslənmir, bütün ittihamlar Azərbaycanın üzərinə yönəlib. Biz də buna adekvat reaksiya verməliyik və onlar başa düşməlidir ki, Azərbaycana qarşı qərəzli mövqe tutmaq olmaz”.

Bu addımın Avropa-Azərbaycan münasibətlərinə necə təsir etməsinə gəlincə politoloq qeyd edib: “Bu hal münasibətləri gərginləşdirməyəcək. Çünki münasibətləri gərginləşdirən tərəf Avropadır, biz bu istiqamətdə heç nə etmirik. Aydın məsələdir ki, Azərbaycanın inkişafı, regionda rolu kimlərisə qıcıqlandırır. Amma biz hər halda öz tərəfimizdən bu münasibətləri gərginləşdirmək fikrində deyil. Hər halda enerji təhlüksəziliyi baxımından onlar bizdən asılıdır, biz onlardan yox”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti