Vahid xütbə nə üçündür?

Vahid xütbə nə üçündür?
  19 Fevral 2013    Oxunub:2017
“Vahid xütbələr məcmuəsi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən hazırlanıb.
Bu işdə Dini Araşdırmalar Mərkəzi də iştirak edib, QMİ-nin qaziləri tərəfindən geniş müzakirə edilib, irad və təkliflər nəzərə alınıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəsaitə baxılıb və müvafiq rəy verilib”.
Bu fikirləri İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov bildirib.
O deyib: "Elə fikir yaranmamalıdır ki, bu təşəbbüs bütün Azərbaycan üzrə məscid axundlarını və imam-camaatları mərkəzləşdirilmiş şəkildə eyni xütbələri söyləməyə məcbur etmək məqsədi daşıyır. Bu, belə deyil. Əksinə, bu layihə sadəcə olaraq onlara yardım göstərmək üçün həyata keçirilib. Hazırlanan vəsaitdə hazır xütbə mətni yoxdur. Yalnız axundların söyləyəcəyi xütbələrə yardım olacaq vəsait var. Məcmuə 2 hissədən ibarətdir. İlk hissədə ilin 52 cüməsinə uyğun olaraq, 52 mövzu əhatə olunub. Hər mövzuya uyğun olaraq Quran ayələri, həmçinin həm şiə, həm də sünni mənbələrindən bir neçə hədis, ibrətamiz əhvalat və qissələr toplanılıb. Kitabın ikinci hissəsində isə ilin hər həftəsində həm dini, həm də milli tariximizlə bağlı əlamətdar hadisələrin əks olunduğu təqvim və həmin təqvimdəki hər hadisəyə aid olaraq xüsusi müntəxəbat materialı yerləşdirilib. Bu hadisələr içində həm İmamların anadan olma və vəfat tarixləri, həm Merac, Məbəs kimi dini günlər, həm də Xocalı faciəsi, 20 Yanvar, işğal olunmuş ərazilərimiz, milli qəhrəmanlarımız barədə materiallar var. Yəni xütbələrə hazırlaşan axundlar bu məlumatlardan istifadə etmək fürsəti qazanacaqlar. Onsuz da xütbə söyləmək üçün hansısa hədis, ayə, əhvalat tapmalı idilər, burada isə onlar artıq hazırdır. Xütbənin necə söylənməsini isə onlar özləri, azad şəkildə müəyyənləşdirəcəklər. Axundlar bu məsələdə tam sərbəstdir. Ola bilər ki, hansısa axundun xütbəyə sərbəst hazırlaşmaq üçün tam potensialı var, amma əminik ki, çoxu üçün bu vəsait əvəzedilməz köməkçi olacaq və xütbələrinin keyfiyyətini artıracaq."
(SalamNews)


Teqlər:  





Xəbər lenti