Prezidentin sökdürdüyü villalar kimindir?

Prezidentin sökdürdüyü villalar kimindir?
  21 May 2015    Oxunub:77118
Prezident İlham Əliyev ötən gün keçirdiyi iclasda bir sıra ciddi məsələlərə toxundu. Ölkə başçısının diqqət ayırdığı əsas məsələlərdən biri də qanunsuz tikililər idi.

Prezident bu istiqamətdə ciddi nöqsanların olduğunu bildirib: "Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. Azərbaycanda, Bakıda indi nə qədər qanunsuz evlər tikilir. Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur".

Ölkə başçısı çıxışında qəti şəkildə bildirib ki, qanunsuz şəkildə tikilən villalar yerlə-yeksan ediləcək, qanunu pozanlar cəzalandırılacaqlar: “Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən gördüm ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər. Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib.

Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar”.

Ölkə başçısının toxunduğu məsələ münasibət bildirən millət vəkili Fazil Mustafa AzVision.az-a açıqlamasında bildirib ki, qanunsuz tikililərin artmasında bəzi məmurların özbaşınalığı dayanır.

Millət vəkilinin sözlərinə görə, prezidentin qeyd etdiyi villaların hər birinin sahibi var və onların kimə məxsus olduğu haqqında icra, bələdiyyə orqanlarının məlumatı var. “Bu məsələnin özü də ciddi narahatçılıq doğurur ki, hüquqa aid ola biləcək məsələlərdə heç kim açıq şəkildə müəyyən mövqe ortaya qoymağa maraq göstərmir.

Bu villa konkret sənin mülkündürsə, çıx, açıq şəkildə denən ki, “mənə aiddir”. Həmin şəxsin onun tikilməsi üçün kifayət qədər vəsait verməsi bəllidir. Müvafiq qurumlara vəsaitlər ödənməsə, heç kimə imkan verməzlər ki, o böyüklükdə villa tiksinlər. Ona görə bu da acınacaqlı vəziyyətdir”.

Deputat hesab edir ki, dövlətin qanunsuz tikililərlə bağlı münasibəti kökündən dəyişməlidir.

“Bu cür absurd bir vəziyyətdə müəyyən problemləri həll etmək mümkün deyil. Ən azı aydın olmalıdır ki, insanlar hüquqa, qanuna hörmət etməlidirlər. İcazəsiz, mülkiyyətə aid olmayan yerlərdə bu cür davranışlar ortaya qoymaq, tikintilər aparmaq yolverilməzdir. Bunlar hamısı bütün çılpaqlığı ilə ölkə prezidenti tərəfindən dilə gətirildi. Bu özü ciddi bir düşündürücü məsələdir”.

F.Mustafanın fikrincə, zəbt olunan torpaqlarda tikilən dəbdəbəli villaların əskəriyyəti məmurlara, yüksək vəzifəli şəxslərə məxsusdur.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti