Sahibkarlar 80 milyon alıb
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Oğuz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə taxılçılıq, üzümçülük və tərəvəzçilik təsərrüfatlarının və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 2200-ə yaxın sahibkara 80 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1767 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Oğuz və ətraf rayonlardan olan 55 sahibkara 672 min manat güzəştli kredit verilib. Bu, əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Teqlər: