Binəqədinin deputatı yanğına görə kimləri ittiham etdi?

Binəqədinin deputatı yanğına görə kimləri ittiham etdi?
  23 May 2015    Oxunub:5542
“Yanğın zamanı hər kəs gördü ki, fakt olaraq binanın üzlükləri alovlanıb. Bu, artıq təsdiq olunmuş haldır. Amma binaya vurulan üzlüklərin uyğunluq sertifikatı var, ya yox, bunu bilmirəm. Bunları yalnız ekspertiza deyə bilər”
Bunu AzVision.az-a açıqlamasında 9 saylı Binəqədi ikinci seçki dairəsinin deputatı Rafael Cəbrayılov deyib. Millət vəkili hesab edir ki, hadisəyə görə həbs edilən şəxslər öz işlərinə məsuliyyətsiz yanaşıblar.

“Bu işlər müqaviləsiz həyata keçirildiyinə görə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov həbs olunub. Hansı ki, müqavilə onlarla bağlanmalı idi. Həmin binaya mənzil-kommunal istismar sahəsi xidmət edir. Bütövlükdə rayon üzrə binaların saxlanılmasına Binəqədi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri nəzarət edir. Bu iki şəxsin hər biri həbs olunub. Bu işlərlə bağlı müqavilə bağlanmalı idi və həmin zaman üzlüklərin keyfiyyət məsələsi danışılmalı, sertifikat tələb olunmalı idi. Bunlar olmadığı üçün həmin şəxslər həbs olunub”.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın zamanı 15 nəfər dünyasını dəyişib. Hadisə ilə əlaqədar cinayət işi açılıb və 6 nəfər həbs edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti