Avropa Oyunlarının məşəli Qaxda
AZƏRTAC xəbər verir ki, günün ikinci yarısında Qax şəhərinin giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu. Buraya toplaşan rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu ilə qarşıladılar. Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul etdi.
Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək məşəli Qax şəhərinin mərkəzi meydanına gətirdilər. 2010-cu və 2012-ci illərdə Almaniyada və Portuqaliyada keçirilmiş kunq-fu üzrə dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı.
Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatdı.







Vaxtında, Aydın, Lazımlı!


