“Şou yaratmaq lazım deyildi” - Abid Şərifov

“Şou yaratmaq lazım deyildi” - Abid Şərifov
  25 May 2015    Oxunub:9207
“Hazırda Binəqədidəki yanğının səbəbləri araşdırılır. Bu istiqamətdə işlərimiz davam edir. Bildiyimiz kimi dövlət başçısı bununla bağlı bizə ciddi tapşırıqlar verib. Tapşırıqlar vaxtında icra edilir”.

Bunu AzVision.az-a açıqlamasında prezident İlham Əliyevin mayın 19-da Binəqədi rayonunda baş verən yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov deyib.

Komissiya sədrinin sözlərinə görə, paytaxtda penoplast üzlüklü binaların söküntü və təmir işləri I Avropa Oyunlarına kimi yekunlaşacaq.

“Amma yanğın baş verən binanın təmirini Avropa Oyunlarına kimi çatdırmaq qeyri-mümkündür. Bunun üçün minimum 5 ay vaxt lazımdır”.

Bu günlərdə jurnalistlərin yanan binada təmir işlərini aparan şirkətlə bağlı sualına verdiyi cavab qalmaqal yaradan A.Şərifov fikirlərinin şouya çevrildiyini deyib.

“Jurnalist haradan bilir ki, hansı şirkətin qabiliyyəti nədir? Azərbaycanda hansı şirkət binanı qısa müddətə bərpa edə bilər? Yəqin ki, bu göydəndüşmə deyil. Bunu məsləhətləşmişik. Mütəxəssislərlə müzakirə etmişik ki, bunu kimə tapşırmaq lazımdır. Dövlət başçısının tapşırığıdır ki, bina qısa müddətə və keyfiyyətli təmir olunmalıdır. Bu, təsadüfi şirkət ola bilməz. Ona görə də bundan şou yaratmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, A.Şərifovdan jurnalistlərdən biri yanan binada tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab verib: "Nə dəxli var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala! Pressaya nə dəxli var ay oğul?!". Onun bu cavabı mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti