Qiyabi təhsil tamamilə ləğv oluna bilər?

Qiyabi təhsil tamamilə ləğv oluna bilər?
  26 May 2015    Oxunub:3455
Azərbaycanda qiyabi təhsil tədricən ləğv oluna bilər. Artıq ali məktəblərin müəllimlik ixtisaslarına qiyabi təhsilalma forması üzrə tələbə qəbulu dayandırılıb. Bir neçə ildən sonra isə qiyabi təhsilin tamamilə ləğv olunacağı gözlənilir. Bu, təhsil sisteminin əsas prioritetləri sırasındadır.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda qiyabi təhsilin ləğvi mütləqdir. Bildirilir ki, bu, yüksək keyfiyyətli kadrların yetişməsi üçün vacib məsələdir.

Qiyabi təhsilin ləğvi ilə bağlı AzVision.az-ın sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib ki, hazırda qiyabi təhsilin bağlanması ilə bağlı heç bir tədbir həyata keçirmir.

`Eyni zamanda bildiririk ki, qiyabi təhsil almaq istəyənlərin sayının ildən ilə kəskin azalmasını nəzərə alaraq bu təhsil alma formasında qəbul planları azaldılmışdır. Orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması və müəllimlik ixtisasları üzrə qəbul yerlərinin sayı qismən azaldılıb`.

Nazirlikdən onu da bildiriblər ki, 2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələri üzrə plan yerləri Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqlənib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elan edilib.

Nazirliyin məlumatına görə, 2015-2016-cı tədris ilində əvvəlki tədris ilinə nisbətən ümumi plan yerləri 6% artıb.

Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev də qiyabi təhsilin ləğv edilməsini istəyir. Onun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılmalı idi.

Komitə sədri hesab edir ki, keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bu baxımdan qiyabi təhsilin ləğvi labüddür.

Qeyd edək ki, qiyabi təhsilə əsasən işləyən insanlar daha çox can atırlar. Bəzən əyani oxuyan tələbə də sosial ehtiyaclarını qarşılamaq üçün təhsil almaqla yanaşı işləməyə çalışır. Qiyabi təhsil isə oxuyarkən işləməyin qanunla tənzimlənən formasıdır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti