Xaləddin İsgəndərov dindirildi

Xaləddin İsgəndərov dindirildi
  26 May 2015    Oxunub:8528
Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın hadisəsinə görə, icra başçısı Xaləddin İsgəndərov prokurorluq əməkdaşları tərəfindən dindirilib.

Bu barədə AzVision.az-a Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, 15 nəfərin öldüyü yanğına görə açılan cinayət işi çəvçivəsində icra başçısı Xaləddin İsgəndərov bəzi məsələlərlə bağlı sorğu-sual edilib.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova AzVision.az-a açıqlamasında bu xəbəri təkzib etməyib. Bildirib ki, hadisəyə görə aidiyyatı qurumların 100-ə yaxın əməkdaşı istintaqa çağrılıb. Binəqədi Rayon İcra Hakimiyyətinin də aidiyyatı şöbəsinin müdiri və keçmiş müavin bu məsələ ilə bağlı saxlanılıb.

“İstintaq getdiyi üçün və istintaqın gedişinə kömək məqsədilə Xaləddin İsgəndərova hadisə ilə bağlı suallar verilə bilər. Lakin bununla bağlı istintaqa çağırılma olmayıb. İcra başçısı səhərdən axşama kimi iş başındadır.

Demək olar ki, hər gün yanğın olan binanın yanına gedir, oradakı işlərlə maraqlanır, sakinlərlə görüşür. Bəzi mətbuat orqanlarında da istintaqa cəlb olunanların adları verilir. Hesab edirəm ki, bu istintaq sirridir”.

Şöbə müdiri Xaləddin İsgəndərovun həbs olunacağı ilə bağlı xəbərlərin doğru olmadığını deyib. Onun sözlərinə görə, icra başçısı yalnız sorğu-sual edilib və onun həbs edilməsi gözlənilmir.

“Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər var. Artıq bir neçə nəfər həbs edilib Həbs edilənlər arasında icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov da var. Təbii ki, bu həbslərlə bağlı Xaləddin İsgəndərova sual ünvanlana bilər. Bu, təbiidir. Sualların ünvanlanacağı birinci yer icra hakimiyyətidir. Suallar da sənədlərlə bağlıdır. Amma təbii ki, qanun nəyi deyəcəksə. o da olacaq”-deyə N.Allahyarova bildirib.

Qeyd edək ki, may ayının 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada baş verən dəhşətli yanğında 15 nəfər dünyasını dəyişib, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti